“Tramp real vəziyyəti gördü, taktikaya əl atdı”: İranın müharibə meydanındakı “gizli əli”

media-hightechnic-468x90

“İran “Mozaika müharibəsi” apararaq ayaqda dura bildi.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

Amerikalı siyasətçi Robert Peyp İranın mərkəzləşdirilməmiş müharibə apardığını, mərkəzdən əmr almadan hər komandirin özbaşına qərar verdiyi bir müharibənin getdiyini iddia edib. A. Nərimanlı mövzunu daha geniş izah edib:

“Bu açıqlama əslində Trampı müharibədən çəkindirməkdən daha çox, real vəziyyəti izah etməkdir. Amerikanın İran siyasətində reallıq bundan ibarətdir. ABŞ İrana ilk dəfə hücum etdikdə düşünürdü ki, İran rejimi sükuta uğrayacaq, amma bu baş vermədi. İranın müharibə meydanında istifadə etdiyi taktikanın böyük rolu oldu. Bu taktika mərkəzləşdirilməmiş ‘Mozaika müharibəsi’ adlanır. Söhbət ondan gedir ki, İranın yerlərdəki komandirləri mərkəzi komandanlıqdan əmr almadan müharibəni davam etdirmək üzərində işləyirdilər. Bu ssenari İranda 2003-cü ildə Amerikanın müdaxiləsindən sonra hazırlanıb.

Bu taktikanın əsas mahiyyəti odur ki, mərkəzi komandanlıq sıradan çıxarılsa belə, əvəzedici mexanizmlər işə düşür, müxtəlif bölgələrdəki komandirlər mərkəzdən göstəriş gözləmədən döyüş tapşırıqlarını yerinə yetirərək məsuliyyəti öz üzərinə götürürlər. ABŞ hava hücumları ilə bunun qarşısını ala bilməz. İranda bütün infrastrukturu sıradan çıxarsa belə, rejim təslim olmayacaq.”

Politoloq İran rejiminin təslimiyyətinin yalnız bir halda mümkün olduğunu bildirib:

“ABŞ İran rejimini tam təslim etmək istəyirsə, quru əməliyyatları aparmalıdır. Bu isə koalisiya olmadan mümkün deyil, halbuki ABŞ bunu yarada bilmədi. Koalisiya yaransaydı belə, quru əməliyyatının hansı nəticə ilə bitəcəyi sual altındadır. Əgər quru əməliyyatı başlasaydı, İran xalqı silaha sarılıb müharibəyə qatılacaqdı. Bu isə ABŞ üçün Vyetnamdan daha betər bir mənzərə yarada bilərdi.”

A. Nərimanlı qeyd edib ki, ABŞ İranı daxildən parçalamaqla məqsədinə çatmaq istəyirdi:

“Amerikanın müharibə siyasəti İranı daxildən parçalamağa yönəlmişdi. Etiraz aksiyaları ilə xalqı ayaqlandırmağa çalışırdılar, amma müharibə daxildəki narazılıqları arxa plana keçirdi. İranda müharibə zamanı daxili problemlər kənara qoyulur və rejim ətrafında birləşmə baş verir. Tramp real vəziyyəti görüb taktikanı dəyişdi. Yalnız bundan sonra danışıqlar prosesi başladı. Tramp İranı şərt və tələblərlə sıradan çıxarmaq və tədricən təslim etmək istəyir. Proses bu cür davam edərsə, rejim daxilində fikir ayrılıqları qaçılmaz olacaq.”

Ekspert sonda İranda sosial problemlərin artdığını vurğulayıb və bildirib ki, bu amil rejim dəyişikliyinə səbəb ola bilər. Lakin o, hər bir halda, rejim dəyişsə belə, ABŞ və İsrailin istədiyi formatda bir idarəçiliyin yaranmayacağını hesab edir.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05