"Tıxacın saatını dəyişəcəyik, amma özünü yox": İqtisadçıdan iş saatı layihəsinə REAKSİYA
“İş saatlarının dəyişdirilməsi Bakıya axının qarşısını almaq üçün kifayət deyil.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.
Ekspert, deputat Vüqar Bayramovun Bakı və ətraf rayonlarda iş qrafikinin dəyişdirilməsi və beynəlxalq standartlara keçilməsi təklifini şərh edərkən bildirib ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığının azaldılması üçün bir tədbir ola bilər, lakin problemin kök səbəbləri aradan qaldırılmadan ciddi nəticələr gözləmək çətindir:
“Bakıda dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığının azaldılması üçün nəzərdə tutulan addımlardan biridir. Lakin Azərbaycan iqtisadiyyatının, idarəetmənin, ali təhsil müəssisələrinin və iri biznes sektorunun böyük hissəsi Bakıda cəmləşib. Nəticədə yüz minlərlə insan hər gün eyni istiqamətdə hərəkət etməyə məcbur olur. İş saatlarını dəyişməklə insanların yola çıxma vaxtını nizamlamaq olar, amma onların Bakıya axınının səbəbləri hələ də aktual qalır. Bakıda tıxacların əsas səbəbi məhz iqtisadiyyatın və məşğulluq imkanlarının paytaxtda həddindən artıq mərkəzləşməsidir.”
A. İbrahimov qeyd edib ki, Bakının üzərindəki yükü azaltmaq üçün regional inkişaf modelinə daha çox diqqət ayrılmalıdır:
“Əgər iqtisadi zonalaşmada balans yaradılsa, regionlarda yüksək gəlirli iş yerləri açılsa, keyfiyyətli təhsil və səhiyyə xidmətləri genişləndirilsə, insanların böyük hissəsi hər gün kilometrlərlə yol qət etmək məcburiyyətində qalmaz. Regional iqtisadi fəallıq gücləndirilmədən Bakının nəqliyyat yükünü azaltmaq çətin olacaq. Dəyişkən iş qrafiki müəyyən qədər müsbət təsir göstərə bilər, lakin bu, əsas həll yolu deyil. Əsas həll iqtisadiyyatın və xidmətlərin coğrafi bölgüsünün balanslaşdırılmasından keçir.”
Ekspert, həmçinin dəyişkən qrafikin sosial tərəflərinə də toxunub:
“Dəyişkən iş qrafiki ailələr üçün əlavə çətinliklər də yarada bilər. Valideynlərin iş saatları ilə uşaqların məktəb və bağça saatları arasında uyğunsuzluqların olması gənc ailələr üçün yeni sosial suallar doğura bilər. Hesab edirəm ki, nəqliyyat sıxlığının azaldılması üçün şəhərsalma siyasətinə kompleks şəkildə yanaşılmalıdır. İş yerlərinin regionlarda yaradılması, dövlət qurumlarının bir hissəsinin paytaxtdan kənara köçürülməsi, ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi və şəhərətrafı dəmir yolu sisteminin genişləndirilməsi daha effektiv nəticə verə bilər.”
Sonda ekspert bildirib ki, bu cür yeniliklərin tətbiqindən əvvəl konkret iqtisadi hesablamalar aparılmalı və pilot layihələr vasitəsilə nəticələr ölçülməlidir. Əks halda, bu addım nəqliyyat sıxlığında gözlənilən ciddi azalmanı təmin etməyə bilər.
Nurlan Cəfəri













