Avropa Mərkəzi Bankından üç il sonra faiz qərarı
Avropa Mərkəzi Bankı İran müharibəsinin səbəb olduğu enerji xərclərindəki artımın avrozonası iqtisadiyyatına daha geniş yayılmasından əvvəl inflyasiyanı cilovlamaq ümidi ilə cümə axşamı günü son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb.
Yenicag.az xəbər verir ki, bu, enerji şokuna reaksiya olaraq qlobal miqyasda aparıcı mərkəzi banklardan biri tərəfindən həyata keçirilən ilk faiz artımı idi və ABŞ Federal Ehtiyat Sistemi (FES), Yaponiya Bankı, İngiltərə Bankı və digər bir neçə aparıcı qurumun pul-kredit siyasəti ilə bağlı qərarlar qəbul etməsindən bir həftə əvvələ təsadüf edir.
Bu gözlənilən addım 21 ölkənin daxil olduğu valyuta blokunda inflyasiyanın artıq 3 %-dən yuxarı, yəni AMB-nin 2 %-lik hədəfindən xeyli yüksək olduğu və iqtisadi artımın çox zəif qaldığı bir vaxtda atılıb – bu elə bir mənzərədir ki, iqtisadçılar daha sərt pul-kredit siyasətinin lehinə və əleyhinə olmaqla, iki cəbhəyə bölünüblər.
“Yaxın Şərqdəki müharibə inflyasiya təzyiqləri yaradır və faiz dərəcələrini artırmaq qərarı bu şokun necə inkişaf edə biləcəyini göstərən bir sıra ssenarilər qarşısında möhkəm və əsaslıdır”, – AMB-nin bəyanatında deyilir.
Cümə axşamı günü reallaşan artım 2023-cü ilin sentyabrından bəri ilk addımdır və AMB-nin baza depozit dərəcəsini 2,0 %-dən 2,25 %-ə çatdırır.
Maliyyə bazarları növbəti il ərzində daha iki faiz artımı gözləyir və onlardan birincisinin elə sentyabr ayında olacağı ehtimal edilir, digər müşahidəçilər isə daha məhdud bir sərtləşdirmə proqnozlaşdırırlar.













