Əslində, bu yazını mən yazmalı deyildim…
İran-İsrail arasındakı gərginlik Azərbaycana da sıçradı. İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonrakı prosesdə, İranın sabiq prezidenti, helikopter qəzasında dünyasını dəyişən İbrahim Rəisinin ölümü məsələsində, bunlardan əvvəl İranda baş verən partlayışlarda Azərbaycan hədəf taxtasına gətirilir. Maraqlısı ondadır ki, Azərbaycan ilk olaraq İran tərəfindən yox, türkiyəli bəzi ekspertlər tərəfindən hədəf taxtasına qoyulur. Ardınca isə İrandan təhdidlər yağmağa başlayır. Araşdırılmalı məsələdir…
Lap əvvəlindən başlayaq. Hələ də ona inanıram ki, İran daxilindən dəstək olmazsa, Haniyənin ölümü mümkünsüz olardı. Ya zəlzələdən, ya vəlvələdən Haniyənin ölümünə görə günahkarlar siyahısında başda İranın adı yazılmalıdır. Yəni, İran ayıbını öncə içəridə təmizləməlidir.
Artıq bir neçə gündür informasiyalar dolaşır ki, İranın yeni prezidenti Məsud Pezekian göstəriş verib ki, Azərbaycandakı İsrail hərbi bazaları vurulsun. Azərbaycan cəmiyyətinin və mətbuatının reaksiyası isə “komediya” idi. Dərhal Pezekianı “sən necə azərbaycanlısan?” ittihamına başladılar. Yazmışdım! Bunların olacağını ətraflı qeyd etmişdim. Nə isə…
Azərbaycan mediasında bir informasiya getdi. Adının açıqlanmasını istəməyən bir rəsmi açıqlama verib ki, bu iddialara İran cavab verməli, təkzib etməli və şübhələrə son qoymalıdır.
İran rəsmi açıqlama verir, ya vermir, burda Azərbaycan tərəfinin heçmi cavab verməli olduğu bir məsələ yoxdur?! Misal üçün bu cür qeyri-müəyyən açıqlamadansa rəsmi olaraq bəyanat vermək olmazmı ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur!
İsrail mətbuatının məlumatına görə, orduya mənsub əsgər və zabitlərin məzuniyyətlərini Gürcüstan və Azərbaycanda keçirməsi, ümumiyyətlə, bu ölkələrə hər hansı səfər etməsi qəti şəkildə qadağandır.
İsrail də rəsmi olaraq bəyanat vermir ki, “Azərbaycanda hərbi bazam yoxdur!” İsrail Müdafiə Nazirliyinin bu əmri də oda barıt atmaq kimi bir şeydir.
Dövlətlər açıqlama vermir, əksinə “qarğa, məndə qoz var” deyir, biz aydınlaşdıraq görək, İsrailin Azərbaycanda hərbi bazası var?
Azərbaycanın hərbi doktrinasında hərbi baza ilə bağlı yazılıb:
“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.
Azərbaycanın elə bir beynəlxalq müqaviləsi var ki, öz ərazində İsrail hərbi bazasının olmasına icazə versin? Yoxdur! Təkcə Qoşulmama Hərəkatı bir çox məsələlərə aydınlıq gətirir. Hərbi-siyasi dəyişiklik məsələsinə gəldikdə, lap hesab edək ki, oldu, Azərbaycanı İsrailin hərbi bazası qoruya bilər? İsrailin özünü ABŞ olmasa bir qaşıq suda boğarlar, elə birinci növbədə də İran. Azərbaycanı İrandan İsrail qoruya bilər? Qətiyyən!
Bir dövlət başqa bir dövlətdən yeni silah alırsa, mütləq şəkildə satan tərəfin mütəxəssisləri, təlimatçıları alıcı tərəfə gəlir və orada müəyyən müddət qalmalı olur. Bəzən bu, silah alışı zamanı da baş vermir. Azərbaycanın da bəzi sahələrdə təlimatçıları başqa dövlətlərə gedir. Azərbaycanda ən primitiv şeyləri belə o qədər sirr kimi yazmırlar, yazanları da sirr yaymaqda ittiham edirlər ki, bu cür situasiya yarananda insanlar nə edəcəyini bilmir. Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur. Türkiyədəki İncirlik hərbi bazadır. Çox uzağa getməyək, Rusiya sülhməramlılarını gözünüzün qarşısına gətirin, hərbi baza haqqında fikir aydın olacaq. Misal üçün Türkiyənin Qətərdəki hərbi bazasının qarşısında Türkiyə bayrağı dalğalanır, eləcə də Rusiyanın Suriyadakı, ABŞ-ın müxtəlif ölkələrdəki. Haqlı iraddır. Deyənlər olacaq ki, bizim bəzi hərbi hissələrdə də Türkiyə bayrağı dalğalanır. Buna nədir sözün? Buna, ümumiyyətlə, deməyə söz tapmıram. Deyəndə də xainlər adamı “vətən xaini” elan edirlər.
İsrailin 3-5 mütəxəssisinin, təlimatçısının Azərbaycanda olması hərbi baza anlamına gələ bilməz və gəlməməlidir.
44 günlük müharibədən əvvəl Azərbaycan Ordusunun hazırlıq prosesində türkiyəli təlimatçılar iştirak edir, yazmışdım. Az qala, hərbi sirr yaymaqda ittiham olunurdum. Müharibə başladı, onsuz da bunları yazan Türkiyə mediası Azərbaycandakı türkiyəli generalların nəinki adını, hansı sahədə olduğunu belə yazdılar. Eyni adamlar Türkiyə mediasına istinadən xəbərlər yaydı, eyni adamlar bunu sosial şəbəkədə paylaşdı. Nə bilim, vallah.
Azərbaycanda Türkiyənin hərbi bazasının olmasını istəyən xeyli sayda adamlar var. Görürsünüz, olmayan bir bazaya görə hansı proseslər gedir? Elə bilirsiniz, Türkiyənin hərbi bazası olanda Rusiya ilə Türkiyənin, İranla Türkiyənin münasibətləri pozulanda bu yaşanmayacaq? Bəziləri pafosla deyəcək ki, “adı çəkilən ölkələr Türkiyə hərbi bazasını vura bilməz”. Nağıl danışmayın. ABŞ-ın hərbi bazalarının vurulduğu dünyada yaşayırıq.
Mövzudan kənar da olsa, yazmasam olmaz. Bu ölkədə Azərbaycanın müstəqil qalmasını istəyənlərdən daha çox başqa ölkələrə yamaq olması üçün çalışanlar var. Öz doğma qardaşını alçaldan, özünün milyonu olub, doğma qardaşının acından günorta durmağını vecinə almayanlar qardaşlıqdan danışır. Biriləri hərbi baza istəyir, bəziləri çəkilən əziyyəti yerə vurub, bizdə müharibə jurnalisti yoxdur deyir. Yenə müharibəni xatırlayıram, müharibə gedən regionlarda jurnalistlərin fəaliyyətinə baxıram, bizim etdiyimiz fədakarlıqların heç 10 faizini etmirlər. Bilmirdim, jurnalistəm, əsgərə yardım çatdıran, yoxsa, gecə səngərdə duran əsgər. Ona görə də, yazını “Əslində, bu yazını mən yazmalı deyildim” cümləsi ilə başladım…
www.yenicag.az