Ucuz Monqolustan ətinin təhlükəli YOX, keyfiyyətsiz OLMADIĞINI HARADAN BİLƏK?
“Monqolustandan idxal olunan ətin ucuz olması onun keyfiyyətsiz olduğu anlamına gəlməməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.

O bildirib ki, burada ətin təhlükəli olub-olmaması idxal zamanı aparılan baytarlıq-sanitariya nəzarətindən asılıdır:
“Əgər ət dondurulubsa, daşınma və saxlanma prosesi normal qaydada həyata keçirilibsə, bir sözlə, soyuq qida zəncirinə əməl olunubsa, burada hər hansı problem yaranmasından danışmaq olmaz. Dünyanın bir çox ölkələrində bu təcrübədən geniş istifadə olunur. Burada əsas məsələ temperaturdur. Əgər ət -18 dərəcədə saxlanılıbsa, təhlükə olmamalıdır”
Ekspert məhsulun donu açılıb yenidən dondurulması halında risklərin yarana biləcəyini, bu zaman bakteriyaların çoxalmasının mümkün olduğunu qeyd edib.
“Lakin məhsulun donu açılıb, daha sonra yenidən dondurulubsa, bu zaman müəyyən risklər ortaya çıxa bilər. Bu halda bakteriyaların çoxalması mümkündür. Ətin yerli bazarla müqayisədə ucuz olması isə heç də onun keyfiyyətinin aşağı olması demək deyil. Doğrudur, dad məsələsində bəzi insanlar fərqli fikirdə ola bilər. Çünki ölkədəki bəzi kafe və restoranlarda heyvan kəsildikdən dərhal sonra ondan kabab və müxtəlif yeməklər hazırlanır. Amma bu, sağlamlığa ziyandır. Ət soyumalıdır, əks halda ürək-damar çatışmazlığı, və s. kimi problemlər yarada bilər”.
İlkin Şirinov vurğulayıb ki, xaricdən ət idxalı yerli bazarda qiymətlərin müəyyən qədər azalmasına səbəb ola bilər:
“Bir məqama diqqət etmək lazımdır. Təsərrüfat sahiblərinə elə şərait yaradılmalıdır ki, onlar kəsim məntəqələri ilə birbaşa təmasda olsunlar. Hazırda arada olan üçüncü tərəflər vətəndaşdan heyvanı alır, üzərinə müəyyən məbləğ əlavə edib satır. Bu isə qiymət artımına gətirib çıxarır. Əgər bu vasitəçilər aradan qalxsa, qiymət artımı da baş verməz. Bundan başqa, idxal olunan ət bazarda rəqabət yarada, iqtisadi rəqabətliliyi artıra bilər.”
Qida eksperti, istehlakçıların riskləri müəyyən etmək üçün diqqət etməli olduğu məqamları sadalayıb.
Vətəndaşlar riskləri müəyyən etmək üçün bir neçə məqamal diqqət yetirməlidirlər. Ət alarkən onun şəhadətnaməsi ilə maraqlanılmalıdır. Digər tərəfdən, iki dəfə dondurulmuş ətin özünəməxsus iyi olur, rəngində isə müəyyən qaralma müşahidə edilə bilər” – deyə o qeyd edib.
Məlik Məlikov












