Paradda nümayiş olunacaq YENİ QIRICILAR: Effekti daha yüksək, xərcləri azdır
“Pakistan və Çin tərəfindən istehsal edilən JF-17C “Thunder Block III” qırıcı təyyarələrinin tətbiq effekti daha yüksək, xərcləri isə azdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Elmar Hüseyn deyib.

O bildirib ki, artıq Azərbaycan Ordusunun arsenalında olan qırıcılar AESA radar, PL-15 raketləri və WS-13 mühərriki ilə təchiz edilib:
“Bu təyyarələr həm manevr qabiliyyəti, həm də uzun mənzilli döyüş imkanları ilə “F-16″lara ciddi rəqib sayılır. Qeyd olunan raketlər Hindistan–Pakistan müharibəsində uğurla sınaqdan çıxmış, 145 km uzaqlıqdakı hədəfləri məhv etmişdi. Həmçinin bu raketlər sayəsində qırıcı təyyarə düşmən radarından asanlıqla yayınır”.
Ekspert qeyd edib ki, Azərbaycan dövləti Pakistanla qarşılıqlı şəkildə döyüş vasitələrinin təchizatı, işçi heyəti və silah-sursatının birgə təmin olunmasını həyata keçirəcək:
“Ümumilikdə yaxın ölkələrdən bu tip silahların alınması həm maddi, həm də texniki cəhətdən üstünlüklər yaradır. Məsələn, ABŞ-dən bir qırıcı almaq daha baha başa gəlir. Qeyd etdiyim kimi, bu qırıcı təyyarələr PL-15 raketləri ilə qorunur və bu da döyüş əməliyyatlarında onların radarlardan yayınmasına yardım edir. Həmçinin qırıcının tətbiq effekti daha yüksək, xərcləri isə azdır”.
Məlik Məlikov












