İcra hakimiyyətlərində HƏBSLƏR: Köhnəlmiş sistem son nəfəsdə - ŞƏRH
“Son həbslər köhnəlmiş icra hakimiyyəti sistemi institutunun ləğvinə gedən prosesin tərkib hissəsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
O son günlər bir çox icra hakimiyyətində aparılan yoxlamalar və bəzi şəxslərin həbsinə münasibət bildirərək bu həbslərin pərdəarxası səbəblərini açıqlayıb:
“İcra hakimiyyəti sistemində aparılan yoxlamalar və həbslər ciddi və uzağa gedən nəticələr çıxarmaq üçün əsaslı səbəbdir. Unutmayaq ki, 20 ildən çoxdur ölkənin icra orqanları sisteminə Prezidentdən sonra Ramiz Mehdiyev rəhbərlik edib. İndi hansı icra başçısının hansı mövqedən çıxış etməsindən asılı olmayaraq ölkədə 20-30 ilə qədər icra strukturlarında vəzifə tutan şəxslər var. Onların indiki mövqeyindən asılı olmayaraq Ramiz Mehdiyevlə iş prosesində bu və ya digər formada əlaqələri olub, bunu heç kim dana bilməz. Eyni zamanda bu şəxslərin bir çoxu birbaşa R. Mehdiyevin təqdimatı ilə təyin edilib. Bu gün dəbdə olan ifadə ilə desək icra hakimiyyəti strukturlarında “Ramiz Mehdiyevin adamları” termininin ciddi və dərin əsasları mövcuddur. Bir çox şəxslər var ki, onlar Prezidentin sərəncamı ilə vəzifəyə təyin edilsələr də çoxunu heç prezident İlham Əliyev tanımayıb, nə də sağlığında heç “Ulu Öndər” Heydər Əliyev tanımayıb. Çünki, onları R. Mehdiyevin təqdimatı ilə vəzifəyə gəlib. Ona görə də bu gün icra sistemində aparılan yoxlama və həbslərin “Mehdiyev işi” ilə əlaqədar olduğunu istisna etmək olmaz”.
Siyasi şərhçi qeyd edib ki, icra strukturlarında aparılan yoxlamaların bəziləri isə sırf korrupsiya faktlarını üzə çıxarmaqdır:
“Lakin, bunların müəyyən bir hissəsi isə sırf özlərinin korrupsiya əməlləri ilə bağlı olduğu da bir faktdır. İcra sistemində aparılan bu təmizləmələr təbii ki, sistemi sağlamlaşdırmaq məqsədinə xidmət edir. Lakin, bunun qarşıya qoyulan vəzifələri nə dərəcədə həll edəcəyini indidən söyləmək çətindir. Azərbaycanın icra sistemindəki bu vəziyyət sistemdəki dərin islahatların aparılmasını tələb edir. Bəlkə də bütün bunlar icra hakimiyyəti institutunun tam ləğv edilməsinə gətirib çıxaracaq. Nəzərə alaq ki, müharibədən sonra artıq prezidentin səlahiyyətli nümayəndələri formasında yeni icra hakimiyyətləri institutu da yaradılmışdır. Həm paralellik mövcuddur həm də A. Mütəllibovun dövründən indiyə qədər qalmış icra hakimiyyətləri institutu artıq köhnəlib. Ona görə də “R. Mehdiyevin işi”, icra hakimiyyətləri sistemində aparılan son həbslər və yoxlamalar bir-biri ilə əlaqəli ola bilər, həm də ölkəmizdə icra hakimiyyətləri sisteminin təmizlənməsinə doğru gedən prosesin tərkib hissəsidir”.
Nurlan Cəfəri












