“Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini, Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaq reallığını qəbul etmək istəmir”.
Yenicag.az xəbər verir ki, ötən gün Fransa prezidenti Emmanuel Makronun ölkə başçısı İlham Əliyevə telefonla zəng etməsi ilə bağlı politoloq Elxan Şahinoğlu öz fikirlərini bölüşüb.
Politoloq bildirib ki, dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonrakı dövrdə regional məsələlər və bəyanatın müddəalarının həyata keçirilməsini müzakirə ediblər:
“Digər tərəfdən, dövlət başçıları Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər. Bunun ardınca Rusiyanın “TASS” agentliyi Yelisey sarayına istinadən belə bir məlumat yayıb: “Azərbaycan və Fransa prezidentləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) dəstəyinə güvənərək bölgədə sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq barədə razılığa gəldilər”.
Elxan Şahinoğlu bildirib ki, Makron Minsk Qrupu formatını canlandırmağa çalışır. Lakin həmsədrlik institunun süni surətdə canlandırılması Azərbaycanın maraqlarına cavab vermir:
“Makrona bu məsələdə Vaşiqnton da dəstək verir. Kreml bunun əleyhinə deyil, ancaq həmsədrlərin yenidən fəallaşması məsələsində Vaşinqton və Paris qədər israrçı deyil. Çünki Kremlə Cənubi Qafqazda əsas rəqibləri ABŞ və Fransa simasında tərəfdaş lazım deyil. Rusiya öz hərbçilərini Qarabağa göndərəndə də Vaşinqton və Parislə məsləhətləşməmişdi. Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Buna görə də Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını və Makrondan əvvəlki axarına qayıtmasını istəyir. Ancaq bu Emmanuel Makronun prezidentliyi dövründə alınmayacaq. Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaqı reallığını qəbul etmək istəmir. Ona görə də Makronun Bakıya zənglərinin Fransa-Azərbaycan münasibətlərini indiki böhran vəziyyətindən çıxaracağını gözləmək əbəsdir. Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək”.
Gülşən Şərif