“Qarabağda yenidən böyük münaqişənin olacağı inandırıcı deyil”.
Bunu Azərbaycanın hazırda tətbiq etdiyi yumşaq güc və gələcəkdə sərt gücün tətbiq edilmə ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan həm ruslara, həm də Qarabağdakı separatçılara gücünü göstərməli idi:
“İki ildir ki, sülhməramlılar özbaşınalıqla məşğul olur. İki il ərzində onlar heç bir müsbət nəticə verəcək addım atmayıb. Ruslar professional vəzifələrini yerinə yetirmək əvəzinə, birtərəfli mövqe tutub.
Azərbaycan yumşaq güc göstərərək Laçın dəhlizini bağlamaqla Ermənistana, ikinci tərəfdən də Rusiyaya təzyiq etmək istəyir. Belə ki, sülhməramlılar müvəqqəti nəzarət etdiyi ərazilərdə qanunsuz hərəkətlərə yol verir, silahların daşınmasına göz yumur, xarici vətəndaşların ora gəlişinə mane olmur.
ABŞ-nin Soros fondu Ermənistandan gedəcəyini elan edib. ABŞ də Paşinyanın gah Rusiya, gah Qərbyönümlü oyununu gözdən qaçıra bilməzdi. Rusiya Ermənistana təzyiqini daha da artırır.
Azərbaycan ictimaiyyəti hazırda orada aksiya keçirir. İnanmıram ki, orada hansısa böyük bir münaqişə olsun. Azərbaycan vətəndaşlarının tələblərini yerinə yetirmək üçün Rusiya qismən addımlar ata bilər. Ancaq bilərəkdən bunu hələlik etməyəcək. Azərbaycan həm ruslara, həm də Qarabağdakı separatçılara gücünü göstərməli idi. Onlar anlamalıdır ki, Azərbaycan istədiyi vaxt Laçın dəhlizini bağlaya bilər və buna ruslar qarşı dura da bilməz. Əgər ruslar qarışmağa cəhd etsə, Azərbaycan ordusu yaxındadır və dərhal müdaxilə etmə ehtimalını görürəm. Ancaq rusların sərt addım atacağı inandırıcı deyil”.
Səxavət Məmməd
www.yenicag.az