Azərbaycan-İran münasibətlərində YENİ MƏRHƏLƏ: Pezeşkian oyunu dəyişir
“Azərbaycanla münasibətləri düzgün qiymətləndirən ilk prezident demək olar ki, Məsud Pezeşkian olub”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istiqamətində atdığı addımlar barədə fikirlərini bölüşüb.
Politoloq bildirib ki, Pezeşkianın iki ölkə arasında münasibətlərdə arzulanan yaxınlığın olmamasının səbəblərini araşdırması həm İran, həm də Azərbaycan üçün müsbət haldır:
“İran Prezidentinin İsrailin Azərbaycanla münasibətlərinin yaxşı olmasına diqqət çəkərək, niyə İranın bunu bacarmadığını sual etməsi cənub qonşumuzda ilk dəfə baş verən hadisədir. Azərbaycanla münasibətləri düzgün qiymətləndirən ilk prezident demək olar ki, məhz Məsud Pezeşkian olub.
O, münasibətlərdə çatışmazlıqları yaxşı anlayır, sadəcə bunu açıq deməyə müəyyən qədər ehtiyat edir. Çünki İranda mühafizəkar dairələr hələ də Azərbaycanın müstəqilliyini qəbul etməkdə çətinlik çəkir, hətta ölkəmizin daxili işlərinə qarışmağa cəhd edirlər.
Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə İran rəsmi olaraq ərazi bütövlüyümüzü dəstəkləsə də, əməldə işğalçılarla münasibətləri davam etdirirdi. Eyni qüvvələr indi də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar.
Qəzzada baş verənlərlə bağlı dəfələrlə mövqeyimizi bəyan etmişik. Lakin İsrail heç vaxt Azərbaycana qarşı sərt bəyanat verməyib və digər ölkələrlə münasibətlərimizə müdaxilə etməyib. İranla münasibətlərin gərgin olmasının əsas səbəbi də budur. Əgər münasibətlər yaxşılaşsa, bu, yalnız Azərbaycanın deyil, həm də İranın xeyrinə olacaq”, – politoloq vurğulayıb.
Nəsimi Ələsgərli