Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Azərbaycan klubları avrokuboklarda: Ümidlər və arzular

Reklam: Sinerji Pro

Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan Azərbaycan klubları – “İnter”lə “Zirə” ilk sınaqdan üzüağ çıxmağı bacardılar.

Sabiq “bankirlər” Serbiya “Mladost”unu (3:0, 2:0) mübarizədən kənarlaşdırdığı halda, “qartallar” da Lüksemburqun “Differdanj” klubundan üstün oldu – 2:0, 2:1.

İkinci təsnifat mərhələsində “Zirə”yə nisbətən “İnter”in işinin asan olacağını düşünmək olar. Məsələ burasındadır ki, Zaur Svanadzenin baş məşqçi olduğu komanda bugünədək avrokuboklarda ciddi uğuru olmayan Lüksemburqun “Fola” klubu ilə qarşılaşacaq. “Cırtdanlar” indiyədək 6 dəfə avrokuboklarda mübarizəni erkən dayandırıb. Onlar üçün ən ciddi uğur isə Avroliqanın cari mövsümündə qeydə alınıb. Moldovanın “Milsami” klubunu mübarizədən kənarlaşdırmağı bacaran lüksemburqlular, bu zəfərdən sonra “İnter”ə rəqib olmağı bacarıblar. Sözsüz ki, “Fola” hər nə qədər futbolu zəif ölkənin təmsilçisi olsa da, rəqibi ciddiyə almaq lazımdır. Əks halda indidən III mərhələ barədə düşünən bakılıların arzusu elə arzu olaraq qala bilər. Nəzərə alaq ki, Ceff Ştrasserin baş məşqçisi olduğu “Fola” son mövsümü “İnter” kimi bürünc medallarla başa vurub.

“Zirə” isə II təsnifat mərhələsində Rumıniyanın “Astra” klubu ilə qarşılaşacaq. Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan və mərhələ adlayan debütantın bu dəfə işi daha çətin olacaq. Maraq üçün bildirək ki, 96 yaşlı komanda tarixi ərzində yalnız bir dəfə ölkə çempionu adını qazanıb. 2 mövsüm əvvəl çempionluğu qeyd edən Curciu təmsilçisi “Zirə”dən fərqli olaraq, yetərincə avrokubok təcrübəsinə malikdir. Son mövsümdə ölkə kubokunun finalında məğlub olan “Astra”, bir dəfə Çempionlar Liqasında çıxış edib, Avroliqada da 32 oyun keçirib (14 qələbə, 9 heç-heçə, 9 məğlubiyyət). Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka çempionu “Kopenhagen”ə uduzan rumınlar, mübarizəni Avroliqada davam etdirməli olublar. Maraqlıdır ki, pley-offda İngiltərənin veteran klublarından “Vest Hem”i mübarizədən kənarlaşdıran “Astra”, qrup mərhələsində “Roma”, “Viktoriya” “Vyana” kimi rəqiblərlə mübarizə aparmağa, daha sonra 1/16 finala qədər irəliləməyə nail olub. Göründüyü kimi “Zirə”ni kifayət qədər ciddi rəqib gözləyir. Bu mərhələdə uğur qazanmaq Ayxan Abbasovun komandası üçün böyük nailiyyət hesab edilə bilər.

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsində başlayacaq “Qəbələ” isə Polşanın “Yagelloniya” klubu ilə münasibətlərə aydınlıq gətirməli olacaq. Qısa arayış üçün bildirək ki, Belostok klubu “qırmızı-qaralar”a rəqib olmaq üçün Gürcüstan “Dinamo”suna (Batumi) hər iki görüşdə qalib gəlib – 1:0; 4:0.

1920-ci il mayın 30-da yaradılan “Yagelloniya” bu il 97 yaşını tamamlayıb. Komanda ev oyunlarını Belostok şəhər stadionunda keçirir. Arena 1970-ci ildə inşa olunub və 2014-cü ildə burada yenidənqurma işləri aparılıb. Stadion 22 min 372 tamaşaçı tutumuna malikdir.

Rəqibin ilk ciddi uğuru 2009/10 mövsümünə təsadüf edib. Komanda öncə finalda “Poqon”u 1:0 məğlub edərək, ölkə kubokunu qazanıb və avrokuboklarda debüt şansı yaxalayıb. Sonra isə “Yagelloniya” “Lex”i eyni hesabla məğlub edib və Superkuboka da yiyələnib. 2010-cu ildəki hər iki titul klub tarixində hələlik sonunculardır. Lakin avrokuboklardakı debüt uğurlu alınmayıb. 2010/11 mövsümündə Yunanıstan “Aris”i (1:2; 2:2), bir il sonra Qazaxıstan “İrtış”ı (1:0; 0:2) polşalıların Avropa Liqasında irəliləməsinə imkan verməyib. 3 il əvvəl yenidən Avropa Liqasında oynamaq imkanı qazanan “Yagelloniya” bu dəfə mərhələ keçməyi bacarıb. Lakin Litva “Kruoja”sını (8:0; 1:0) keçdikdən sonra Kipr “Omoniya”sı (0:0; 0:1) daha güclü olub. 2016/17 mövsümündə isə belostoklular tarixində ilk dəfə gümüş medala yiyələnib.

Rəqibə nisbətən “Qəbələ”nin avrokuboklarda daha təcrübəli olduğunu deyə bilərik. Komandamızın ardıcıl iki dəfə qrup mərhələsinə vəsiqə qazanması bunun əyani sübutudur. Düzdür, ötən ilə nisbətən təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk heyətdə xeyli dəyişiklik edib. Amma bu dəyişikliklər də daha yaxşı uğurlar qazanmağa hədəflənib. Heyətə cəlb edilən transferləri nəzərə alsaq, yeni mövsümdə həm avrokubokda, həm də ölkə çempionatında daha iddialı “Qəbələ” görə bilərik. Yenidən qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən əyalət təmsilçisi üçün Polşa klubu mane olmamalıdır.

Və nəhayət, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”…

Məlum olduğu kimi son Azərbaycan çempionu II mərhələdə Gürcüstanın qızıl medalçısı “Samtredia” klubu ilə qarşılaşacaq. Sözsüz ki, ağdamlılara ümidlər böyükdür. Lakin Avstriyada keçirilən təlim-məşq toplanışında təmsilçimizin bütün yoxlama matçlarında uduzması azarkeşlərin narahatlığına səbəb olub. Buna baxmayaraq, “Qarabağ” ikinci heyəti ilə də gürcü rəqibini keçmək gücündədir. Hər halda “Samtredia” daha əvvəl Avroliqa çərçivəsində “Qəbələ” ilə qarşılaşdığından bizlər üçün elə də yad komanda deyil. O zaman Bakıda “qırmızı-qaralar”a 1:5 uduzan “Samtredia”nı məğlub ermək “Qarabağ” üçün elə də çətin olmamalıdır. Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən komanda üçün bu tip rəqiblər asan yemdən başqa bir şey deyil. Təbii ki, rəqibi ciddi qəbul etmək şərtdir. Əks halda bu, təmsilçimizin başına bəla ola bilər.

EMİN SƏFƏROV
Yenicag.az

www.yenicag.az

352