“Media Reyestri Azərbaycan mediasında çox müsbət dəyişikliklərə səbəb olacaq”.
Bu sözləri Media Reyestrinin fəaliyyətinə münasibət bildirən “Azxeber.com” informasiya portalının baş redaktoru, Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Media Reyestri Azərbaycan jurnalistikasında köklü dəyişikliklərə səbəb olacaq, bundan sonra jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatlar vahid bazada toplanacaq və bundan da ən çox fayda görən cəmiyyətimiz olacaq:
“Ölkəmizdə hər sahədə olduğu kimi, media sahəsində də islahatlar aparılır və bu islahatların sayəsində cəmiyyətimizin mediadan çox böyük gözləntiləri var. Media İnkişafı Agentliyinin yaradılması, onun həyata keçirdiyi uğurlu layihələr, Mətbuat Şurasının yeni İdarə Heyətinin formalaşması da bu islahatların tərkib hissəsidir.
Eyni zamanda düşünürəm ki, Media Reyestri haqda fərman peşəkar jurnalistika ilə məşğul olan şəxslərin fəaliyyətlərini daha şəffaf qurmaları üçün yeni imkanlar yaradacaq.
Bu fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılmasıdır.
Jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması jurnalistlərin akkreditasiya prosedurunu asanlaşdıracaq, onların qeyri-peşəkarlardan fərqlənməsinə gətirib çıxaracaq, eyni zamanda ölkəmizdə həqiqi jurnalistika ilə məşğul olanların sayı bəlli olacaq.
Bununla da Azərbaycan mediasına olan inam bərpa ediləcək, jurnalistika yeni mərhələyə qədəm qoyacaq.
Bundan əlavə, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunacaq. Reyestrə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşması baxımından çox müsbət və vacib addımdır.
Düşünürəm ki, bu işdə ən çox peşəkar media qurumları və jurnalistlər fəal olmalıdırlar, çünki bu məhz jurnalistikamızın saflaşmasına, şəffaflaşmasına gətirib çıxaracaq.
Eyni zamanda, reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər.
Birmənalı şəkildə demək olar ki, bu fərman jurnalistlərin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və onların ictimaiyyət tərəfindən daha ciddi qəbul edilməsinə gətirib çıxaracaq.
Artıq bu proses başlayıb və media subyektləri reyestrə daxil olmaqda fəallıq göstərirlər, biz bunu sosial şəbəkələrdə də müşahidə edirik. Düşünürəm ki, Media Reyestri Azərbaycan mediasında çox müsbət dəyişikliklərə səbəb olacaq”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” fərmanına əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulub.
Gülşən Şərif
www.yenicag.az