Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçiriləcək oyundan öncə “Napoli”yə xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Ağdam təmsilçisinin heyətində təhlükəli futbolçuların olduğunu söyləyib.
O, Azərbaycan çempionunda beş futbolçunu fərqləndirib: “Nəriman Axundzadə həm fiziki gücü, həm də dəqiq zərbələri ilə böyük fərq yarada biləcək oyunçudur. Bu hücumçu ilə milli komandada işləmişəm və onun potensialının böyük olduğuna inanıram”.
İtaliyalı çalışdırıcının sözlərinə görə, Neapol klubu müdafiəçi Elvin Cəfərquliyev və yarımmüdafiəçi Toral Bayramovu da diqqətdə saxlamalıdır: “Toral Çempionlar Liqasında çox oynamasa da, uzaqdan zərbələri ilə rəqiblər üçün təhlükə yarada bilir. Cəfərquliyev isə hücuma aktiv qoşulur və rəqibin müdafiəsini zəiflətmək qabiliyyətinə malikdir”.
De Byazi əcnəbi oyunçulardan isə Leandro Andrade ilə Marko Yankoviçi xüsusi vurğulayıb: “Komandanın ulduzu Andradedir. O, boşluqları tapmaq və qapıya dəqiq zərbə endirməkdə çox bacarıqlıdır. Bununla yanaşı, “Napoli” Marko Yankoviçə də diqqət yetirməlidir. O, Monteneqro millisinin üzvüdür və komandada oyun qurucusu rolunu oynayır. Müdafiənin önündə çıxış edir. Bir sözlə, komandanın oyununu yönləndirir”.
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.












