“Tramp təkcə siyasi deyil, idman anlamında da neqativ fiqur kimi tarixə düşəcək” – Politoloq
“Tramp bütün dünya üçün təkcə siyasi deyil, idman anlamında belə neqativ fiqur olaraq tarixə düşmüş olacaq.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Politoloq Dünya Çempionatında ABŞ komandasının üzvü Balogünün qırmızı kart almasına rəğmən Trampın zəngi ilə kartın təxirə salınmasından danışıb:
“Tramp indiyə qədər dünyanın inkişaf istiqamətlərinə bloklayıcı təsir göstərən bir çox addımlar atıb. Hakimiyyətə gəldikdən sonra əraziləri işğal olunan Ukraynanın deyil, işğalçı tərəfin yanında dayanıb. Yaxın Şərqdə müharibə başladaraq ölkəni müharibə bataqlığına salıb və eyni zamanda Venesuelada prezidenti hərbi qüvvələr tərəfindən oğurlayıb Amerikaya aparıb, Danimarkaya məxsus Qrenlandiyanın ABŞ-a qatılması iddiaları irəli sürüb və s. Bütün bunlar qlobal siyasət məkanında Trampın atdığı dağıdıcı addımlardır. Nə qədər qəribə olsa da, Trampın toxunmadığı tək dünya futbolu vardı, ABŞ, Meksika və Kanadanın ortaq təşkilatçılığını öz üzərinə götürdüyü Dünya Çempionatında Tramp dünya futbolunu da qarışdırmağı bacardı. FİFA-nın təsdiqlədiyi dəyişməz qanununu Tramp təzyiq göstərərək dəyişdirdi. Hər kəs bilir ki, FİFA-nın qaydalarına görə, qırmızı kart görmüş oyunçu avtomatik olaraq növbəti oyunu buraxmaq məcburiyyətindədir. Bu, dəyişməz bir qanundur. Oyunçu qırmızı kart alarkən daha ağır zərbə endiribsə, buraxılacaq oyunların sayı da artır. Bir oyun buraxılması isə məcburidir. Tramp FİFA-ya təzyiq göstərərək oyunçunun qırmızı kart cəzasının təxirə salınmasına nail oldu. Bunun da nəticəsində Belçika yığmasına qarşı ədalətsizlik edildi. Həmin oyunçu qanundan kənar olaraq Belçika ilə oyuna çıxdı. Dünən gecə isə qurumun qayda və qanunları kobud şəkildə pozuldu və oyunçu meydana çıxdı”.
Politoloq qeyd edib ki, Trampın bu həmləsi FİFA tərəfindən cəmiyyətə açıqlanmaq məcburiyyətindədir:
“Bu isə o deməkdir ki, Tramp dünya futbolunun dəyişməz qaydalarını belə darmadağın edib. Bundan sonra FİFA Trampın təzyiqləri ilə qəbul etdiyi təxirəsalma qərarını uzun müddət dünya ictimaiyyətinə izah etmək məcburiyyətində qalacaq. Nəzərə alaq ki, Belçika ilə yanaşı, UEFA da bu məsələyə görə FİFA-ya etiraz edərək bu qərarın futbol qaydalarına uyğun olmadığını bildirdi. DÇ-nin bitməsinə oyunlar qalıb. Bundan sonra hansısa futbolçu qırmızı kart alarsa, əgər komandası növbəti mərhələyə çıxarsa, həmin ölkə FİFA-ya müraciət edərək qırmızı kart almış oyunçunun növbəti oyunda oynamasını və cəzasının təxirə salınmasını tələb edə bilər. Bundan sonra qırmızı kart alan oyunçunun haqqı çatır ki, oyuna çıxa bilsin”.
Nurlan Cəfəri













