Bakıda tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.
Yeniçağ.Az xəbər verir ki, Bakı Biznes Mərkəzində təşkil olunan tədbirə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da qatılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərməkdir.
Pavilyonu gəzdikdən sonra jurnalistlərin suallarını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov gənc mütəxəssislərin əmək bazarına inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə davamlı addımların atıldığını bildirib:
“Hesablamalara görə, bu il ölkənin əmək bazarına müraciət edən gənc mütəxəssislərin sayı təqribən 109 min nəfərdir. Onlardan 69 mindən çoxu ali, 39 min nəfəri isə tam orta təhsillidirlər. Bu tədbirin təşkili üçün Mədəniyyət və Turizm Nazirliyinə, Turizm və Menecment Universitetinə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu tədbirlər gənc mütəxəssislərin öz ixtisaslarına uyğun işlə təmin olunmalarına müsbət təsir göstərəcək. Sevindirici haldır ki, Azərbaycanda gənc nəsil əhalinin böyük hissəsini təşkil edir və bu kimi tədbirlər də onlara dəstək xarakteri daşıyır. Əlamətdar haldır ki, Azərbaycanda təqribən 5 faiz olan işsizlik göstəricisində gənclərin payı çox deyil. Ümumiyyətlə, Azərbaycan gənclərin işsizlik səviyyəsinə görə ən aşağı göstəriciyə malik ölkələrdən biridir”.
Nazir əlavə edib ki, “Karyerada ilk addım” tədbiri silsilə xarakter daşıyır və bu tendensiya gənclərin iş karyerasını qurmalarına təkan verir:
“Ötən il ölkənin 10 ali təhsil müəssisəsində belə tədbirlər keçirilib və həmin tədbirlərdə 370 müəssisə tərəfindən 1838 vakant iş yeri gənclərin seçiminə təqdim olunub. İnanıram ki, bugünkü tədbirdə təqdim olunan vakansiyaların azı 90 faizi realizə ediləcək”.
Qeyd edək ki, sözügedən tədbirdə 73-ü özəl, 4-ü isə dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 vakant iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.
A.Zeynalov
Yeniçağ.Az
www.yenicag.az