“Korrupsiya, rüşvətdə ordunun adı hallanmamalıdır”.
Bunu Azərbaycan ordusunda kadr islahatlarını dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Elxan Şıxəliyev bildirib ki, ordu Türkiyə modelinə keçirsə, sistemi bilənlər bu idarəçilikdə iştirak etməlidir:
“Orduda baş verənlərin əsasını Şuşa Bəyannaməsi ilə əlaqələndirirəm. Ordunun Türkiyə modelinin keçidinin üzərindən proseslər baş verməli idi. Xüsusilə kadr islahatları və hərbi təhsil sistemində dəyişikliklər gözlənilirdi.
Birlik və birləşmə komandirlərinin kim olması strateji məsələdir. Orduda yenilənmə həm də sahədə həyata keçirilməlidir. Komandanların dəyişdirilməsi yeni tələblərə, yeni çağırışlara uyğun aparılır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanının dəyişdirilməsi bu prosesin tərkib hissəsidir. 44 günlük müharibədən sonrakı mərhələdə təyin olunan bütün komandanlar, demək olar ki, hamısı Vətən müharibəsi qəhrəmanlarıdır. Yeni təyin olunanların hamısı 44 günlük mühribədə uğurlu əməliyyatlar keçirən komandanlar sayılırlar. Artıq yeni təyinatlara biz bu konteksdə hazır olmalıyıq.
Yeni təyinatlar da Türkiyə modelinə, NATO standartlarına uyğunlaşdırılmaq üçündür. Bu, yeni dalğadır. Türkiyə hərbi liseylərindən, akademiyalarından məzun olmuş zabitlər, generallar yüksək vəzifələrə çəkiləcək. Çünki ordu Türkiyə modelinə keçsə, sistemi bilənlər bu idarəçilikdə iştirak etməlidir. Bundan əlavə, qərar qəbul etmə məsələsində Sovet, Rusiya doktirini ilə NATO-nunki fərqlidir. Zabitlər də, qərar qəbul etmə mexanizmini Türkiyə məktəblərində mənimsəyiblər. Yeni təyinatların hamısı buna hesablanıb.
Türkiyə modelinə keçiddə həm də şəffaflıq təmin olunmalıdır. Artıq ordudakı zabitlərin adları hansısa qeYri-qanuni məsələlərdə hallanmamalıdır. Korrupsiya, rüşvətdə ordunun adı hallanmamalıdır. Yeni komandanlara da bu direktivlər verilib”.
Səxavət Məmməd
www.yenicag.az