Azərbaycan poeziyasının vicdan şairi ... - Tofiq Bayramın anım günüdür - FOTO
İnsan o zaman unudulur ki, onu xatırlayan olmur. Xoş o kəsin halına ki, vəfatından illər keçsə də unudulmur, xatırlanır, yada salınır.
Elə bu gün Azərbaycanın Xalq şairi Tofiq Bayram poeziyasının işığına toplaşanlar da onun vəfatının 31-ci ildönümündə şair haqqında xatirələri dilə gətirdilər, şeirlərinə qulaq asdılar.
Sanki bir poeziya axşamına təşrif buyurmuş qonaqlar Tofiq Bayram yaradıcılığının müxtəlif illərinə nəzər saldılar, şairin Türkiyə sevgisindən, Azərbaycan eşqindən söz açdılar. Dövrünün ən vicdanlı şairlərindən hesab olunan Tofiq Bayram hər kəsin yaddaşında yaşatdığı bir mükəmməllik simvolu kimi çox böyük sevgi ilə anıldı.
Qiraətçi Xəzər Süleymanlının ifasında səslənən şeirlər hər kəs tərəfindən alqışlarla qarşılandı. Əslində, bu alqışlar Tofiq Bayram poeziyasına, Tofiq Bayram şeiriyyətinə idi.
Sonda şairin bacısı Svetlana xanım Bayramova gecəni qardaşının ən çox sevdiyi misraları ilə tamamladı: Haqqım var ki, öyünüm Azərbaycan deyəndə…
Zakirə Zakirqızı