Bəhruz Məhərrəmov: “Prezidentin Şuşadakı fikirlərinin Tramp tərəfindən paylaşılması Bakının qələbəsidir”
Son günlər ABŞ mediasında Azərbaycan Prezidentinin fikirlərinin geniş müzakirə olunması və rəsmi Vaşinqtonun Bakı ilə münasibətlərə baxışı diqqət mərkəzindədir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-Azərbaycan münasibətləri, habelə Donald Trampın regional sülhdəki rolu haqqında dilə gətirdiyi fikirlərə münasibət bildirib.
Deputat qeyd edib ki, forumdan sonra ölkə başçımızın fikirləri Amerika rəqəmsal mediasında geniş müzakirə yaradıb:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasındakı qarşılıqlı etimada söykənən dialoq sadəcə fərdi rəğbət deyil. Bu, Cənubi Qafqazda formalaşan yeni siyasi-hüquqi arxitekturanın və Azərbaycanın qlobal arenadakı mütləq diplomatik çəkisinin bariz nümunəsidir”.
B.Məhərrəmovun sözlərinə görə, dövlətimizin başçısının Şuşada səsləndirdiyi konseptual fikirlərin, xüsusilə də Donald Trampın regional sülhün bərqərar olunmasındakı rolunun vurğulandığı məqalənin ABŞ Prezidenti tərəfindən rəsmi sosial şəbəkə hesabında paylaşılması mühüm siyasi hadisədir:
“Bu paylaşım Bakının beynəlxalq hüquqa əsaslanan legitim mövqeyinin qlobal supergüc tərəfindən ən ali səviyyədə qəbul edilməsini hüquqi-siyasi müstəvidə leqallaşdırır.
Azərbaycanın münaqişədən sonrakı dövrdə əldə etdiyi hərbi-strateji üstünlüyü uğurlu diplomatik nailiyyətlərlə möhkəmləndirməsi məhz Prezident İlham Əliyevin çoxvektorlu və praqmatik xarici siyasət vizyonunun nəticəsidir. Bunun sayəsində ölkəmiz regional güc mərkəzindən qlobal miqyasda qərar qəbul edən, təzyiqlərə qarşı daxili immuniteti olan bərabərhüquqlu tərəfdaşa çevrilib”.
Millət vəkili iki lider arasındakı münasibətlərin bölgədəki köhnə sülh imitasiyalarını sıradan çıxardığını vurğulayıb:
“İki lider arasındakı bu münasibətlər xətti Vaşinqtonda qərəz diktə edən Demokratlar iqtidarının formal bəyanatlarından və ya keçmiş ATƏT-in Minsk Qrupunun otuz illik dondurulmuş sülh imitasiyasından fərqlənir. Bu xətt tərəflərin suveren hüquqlarına və ərazi bütövlüyünün toxunulmazlığına real təminat verən yeni, ədalətli regional asayişin qurulmasında əsas hərəkətverici qüvvə kimi çıxış edir”.
Nurlan Cəfəri













