Azərbaycan-Qazaxıstan münasibətlərində YENİ SƏVİYYƏ: “Yol xəritəsi” Bakı ilə Nur-Sultanı hara aparacaq? – TƏHLİL

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin regionda və ümumiyyətlə, yaxın coğrafiyada yaratdığı yeni reallığın daha da möhkəmləndirilməsi və mövcud şəraitin verdiyi imkanlardan maksimum səmərəli istifadə olunması üçün rəsmi Bakı tərəfindən ardıcıl addımlar atılmaqdadır.

Bu çərçivədə başda qardaş Türkiyə olmaqla, qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə təkan verəcək potensialın hərəkətə gətirilməsi, bir sözlə, Azərbaycanın artan üstünlüyünün real dividentlərə çevrilməsi istiqamətində həyata keçirilən fəaliyyətin əhəmiyyətli dərəcədə intensivləşdirildiyi müşahidə olunur.

Xatırlatmaq yerinə düşər ki, Vətən müharibəsinin başa çatdırılmasından sonra regionda yeni nəqliyyat dəhlizlərinin yaradılması və daha rentabelli marşrutların müəyyənləşdirilməsi, bu müstəvidə qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın qurulmasında çox sayda ölkə maraqlı olduğunu bəyan edərək nəzərdə tutulan genişmiqyaslı layihələrdə iştirak niyyətlərini açıqlayıblar.

Bununla belə, çox əlamətdar haldır ki, Azərbaycan yeni şəraitdə öz tərəfdaşlarının müəyyənləşdirilməsində, ilk növbədə, türk dövlətlərinə üz tutaraq məhz həmin ölkələrin iştirakı ilə çoxtərəfli və əlbəttə ki, effektli birliklərin formalaşdırılmasına maraq göstərir.

Qeyd edək ki, Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan-Türkiyə münasibətlərinə yeni təcil verdiyi kimi, digər türk dövlətləri ilə işbirliyinin genişləndirilməsinə də yol açdı. Xüsusilə bu ilin əvvəlində beynəlxalq arenada cərəyan edən proseslər, əsasən, Rusiyanın Ukraynaya hərbi təcavüzü Orta Asiyanın türk dövlətlərini nüvəsində Azərbaycanla Türkiyənin dayandığı alternativ və dayanıqlı əməkdaşlıq müstəvisinə yönləndirdi.

Məmnunluqla vurğulamaq lazımdır ki, bu prosesdə Azərbaycanın yaxından iştirakı, ortaq köklərə malik dövlətlərin bir araya gətirilməsində oynadığı rol mühüm, bir çox hallarda isə həlledici əhəmiyyətə malikdir. Orta Asiya dövlətləri də regionda yaranmış yeni reallığı və bu gerçəklikdə Azərbaycanın hansı rola malik olduğunu aydın görərək dövrün çağırışlarını düzgün qiymətləndirməyi bacarırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin təqribən 2 ay əvvəl Özbəkistana baş tutan rəsmi səfəri ikitərəfli münasibətlərin artıq strateji səviyyəyə yüksəldilməsi ilə nəticələndi. Azərbaycanla Özbəkistan arasında imzalanan dövlətlərarası və hökumətlərarası sazişlər isə əməkdaşlığın dərinləşdirilməsi üçün tələb olunan hüquqi bazanın formalaşdırılmasına xidmət etdi.

O baxımdan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya dünən təşkil olunan zəngin proqramlı səfəri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayacaq müzakirə və anlaşmalarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səmimi münasibətlərinin iki dövlətin əlaqələrində də eyniliklə əks olunması regionun iki vacib ölkəsinin bir-birinə verdiyi önəmin göstəricisi hesab oluna bilər.

Tokayevin səfəri zamanı “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması yuxarıda qeyd olunanların birbaşa təsdiqidir.

Eyni zamanda, danışıqların yekununda iki ölkə arasında ticarət-iqtisadi, kommunikasiya, mədəniyyət, medianın inkişafı, aerokosmik və tranzit yükdaşımalar sahəsini əhatə edən 20-yə qədər sənədin imzalanması da ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yol açacaq. Tokayevin Bakıda prezident İlham Əliyevi Qazaxıstanın ali dövlət mükafatı olan “Qızıl Qartal” ordeni ilə təltif etməsi isə səfərin mühüm cəhətlərindən biri kimi diqqəti çəkir.

Əməkdaşlıq sazişlərinin əhatə etdiyi sahələrin sırası Azərbaycanla Qazaxıstanın bu seqmentlərdə işbirliyinin artırılmasının yetərincə faydalı olacağını söyləməyə əsas verir. Prezidentlərin apardıqları danışıqlardan sonra mətbuata verdikləri bəyanatlarda yer alan məqamlar iki ölkə arasında münasibətlərin necə üst səviyyəyə çatdığını və perspektiv planların bu əlaqələri daha da sıxlaşdırılacağına şübhə yeri qoymur.

Dövlət başçılarının bəyanatlarına nəzər saldıqda nəqliyyat sahəsində əməkdaşlığın və qarşılıqlı əmtəə dövriyyəsinin genişləndirilməsi niyyətlərinin qabarıq göründüyü diqqətdən yayınmır. Prezidentlərin qarşılıqlı əmtəə dövriyyəsini 1 milyard dollar səviyyəsinə yüksəldilməsi məsələsində həmfikir olduqlarını bəyan etmələri razılaşdırılan məqamların kağız üzərində qalmayacağına tam əminlik yaradır.

Tokayevin səfəri zamanı açıqlanan mühüm məqamlardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş rayonlarında həyata keçirilən bərpa prosesində iştirakına yönəlik praktik fəaliyyətin anonsu oldu. Qazaxıstan liderinin sözlərinə görə, ölkəsinin “BI” şirkəti tərəfindən gələn ilin sonuna qədər Füzuli şəhərində Kurmanqazı adına İncəsənət məktəbi inşa olunacaq. Tokayev bu layihəni qazax xalqının hədiyyəsi olaraq təqdim edib.

Əlbəttə, düşünə bilərik ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə mətbuata açıqlanmayan başqa vacib məsələlər müzakirə edilib, razılığa gəlinib. Hər halda, ikitərəfli əməkdaşlığın qarşıdakı dönəmində gerçəkləşdirilən fəaliyyət bu nüanslara da müəyyən qədər aydınlıq gətirəcək. Mövcud vəziyyətdə əsas olan budur ki, Azərbaycan regionun gələcəyinə yönəlik daha bir qardaş ölkə ilə saatları “dəqiqləşdirərək” qarşılıqlı fəaliyyəti istiqamətləndirəcək “yol xəritəsi”ni cızdı.

“Yeni Çağ” Analitik Qrupu

COP29