Azərbaycan QHT-ləri Rumıniyada tullantıların idarə olunması təcrübəsini öyrənir - FOTOLAR
Azərbaycan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyəti Almaniya Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Rumıniyanın Qalaç şəhərinə işgüzar səfər edib.
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a bildirib ki, səfərin əsas məqsədi tullantıların idarə olunması, ekoloji layihələrin həyata keçirilməsi və tullantıların yenidən emalı ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsidir. Vüsalə Hüseynlinin sözlərinə görə, nümayəndə heyəti səfər çərçivəsində Qalaç şəhərinin müxtəlif bələdiyyələrində və tullantıların çeşidlənməsi məntəqələrində olub, mövcud sistemlərlə yerində tanış olublar. Onlar həmçinin əhaliyə göstərilən xidmətlər, tullantıların çeşidlənməsi və təkrar istifadəsi ilə bağlı yerli mütəxəssislərdən məlumat alıblar:
“Qalaç şəhərində tullantıların idarə olunması üzrə geniş sistem mövcuddur. Belə ki, şəhər üzrə 275 tullantı məntəqəsi fəaliyyət göstərir. Hər bir məntəqədə plastik, metal, karton və digər tullantılar üçün 5 müxtəlif konteyner quraşdırılıb. Tullantılar konteynerlərə atıldıqda avtomatik olaraq çeşidlənir və uyğun olaraq təkrar emal müəssisələrinə göndərilir. Qeyd edək ki, bu konteynerlər xüsusi kart sistemi ilə işləyir və enerji təchizatı üçün günəş, külək və su kimi alternativ enerji mənbələrindən istifadə edən batareyalarla təmin olunub”.
Qeyd edək ki, səfər çərçivəsində əldə edilən bilik və təcrübələrin gələcəkdə Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsində və tullantı idarəçiliyinin təkmilləşdirilməsində tətbiqi nəzərdə tutulur.