Azərbaycan səfiri Mian Rza ilə görüşdü
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının sədri Mian Rza Rabbani ilə görüşüb. Yenicag.az apa-ya istinadən xəbər verir ki, D. Şikarov M. R. Rabbanini Pakistan Senatının sədri seçilməsi münasibətilə təbrik edərək ona vəzifəsində uğurlar arzulayıb.
Səfir Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun adından M. R. Rabbanini Azərbaycana səfərə dəvət edib. Senatın sədr müavini böyük məmnuniyyətlə təklifi qəbul edərək öz tərəfindən həmkarını Pakistana səfərə dəvət edib.
Görüş zamanı Azərbaycan-Pakistan münasibətləri haqqında danışılıb. D. Şikarov Pakistanın Dağlı Qarabağ məsələsində verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığına görə qarşı tərəfə minnətdarlığını bildirib. O, eyni zamanda, Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 01.02.2012 və 03.10.2013-cü il tarixli qətnamələrin qəbul olunması, həmçinin cari ilin 3 may tarixində keçirilmiş qondarma “parlament seçkilərini” tanımayan bəyanat verdiyinə görə də həmsöhbətinə təşəkkür edib.
Pakistan Senatının sədri xalqlar arasındakı münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirərək, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini söyləyib.