“Azərbaycan Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşmasını arzulayır” – ŞƏRH
“Türkiyə əleyhinə sərt ifadələr işlətmək Azərbaycanla münasibətlərə də mənfi təsir göstərə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, Türkiyə və İsrail arasında münasibətlərin soyuq olmasının səbəblərini şərh edib.
Politoloq bildirib ki, İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli bu gün İsrail dövləti üçün ən böyük təhlükənin Türkiyədən gəldiyini dilə gətirib:
“Eyni zamanda, bununla kifayətlənməyərək əlavə edib ki, “Türkiyəni beynəlxalq əlaqələrdə təcrid etmək üçün hər cür tədbiri görməliyik”.
Nəzərə almaq lazımdır ki, Türkiyənin Avrasiya, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyada rolu getdikcə güclənir. İsrailli nazirin bəyanatından isə belə nəticə çıxır ki, Tel-Əviv Türkiyənin bu regionlardakı fəaliyyətinə mane olmaq niyyətindədir.
Belə xarici siyasi kurs nə Türkiyənin, nə də Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğudur. Təəssüf ki, Tel-Əviv Türkiyənin Azərbaycanın strateji tərəfdaşı olduğunu nəzərə almır. İsrail rəsmiləri başa düşməlidirlər ki, Türkiyə əleyhinə sərt ifadələr işlətmək Azərbaycanla münasibətlərə də mənfi təsir göstərə bilər.
Azərbaycan Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşmasını arzulayır. Lakin indiki şəraitdə hər iki tərəfin bir-birinə qarşı sərt bəyanatlar verməsi münasibətlərin normallaşmasına mane olur”.
Nəsimi Ələsgərli












