“Neftin qiymətində ucuzlaşma tendensiyası davamlı olarsa, bu, ölkə iqtisadiyyatına neqativ təsir göstərəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına mümkün təsirini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.
Əkrəm Həsənovun sözlərinə görə, burada həlledici amil neftin ucuzlaşması tendensiyasının nə qədər davamlı olmasıdır:
“Bəli, hazırda dünya neft bazarında qiymətin ucuzlaşması müşahidə olunur. Doğrudur, bir neçə gün fasilə ilə qiymətlər müəyyən qədər sabitləşsə də, bu tendensiyanın özü narahatlıq yaratmaya bilməz.
Nəzər almaq lazımdır ki, neftin ucuzlaşmasına həm də dünyanı təhdid edən koronavirus təhlükəsi öz təsirini göstərir. Amma fikrimcə, qarşıdakı həftələrdə bu məsələdə sabitlik yaranacaq.
Neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyini düşünmürəm. Ölkənin mövcud valyuta ehtiyatları bu ucuzlaşmanın təsirini aradan qaldırmağa imkan verir.
Lakin neftin ucuzlaşma tendensiyası uzun müddət davam edərsə, o halda Azərbaycan iqtisadiyyatı bunun neqativ təsirlərini hiss edəcək. Bu, qaçılmazdır.
Hökumətin iqtisadi blokunun buna nə dərəcədə hazır olduğunu isə söyləmək çətindir. Şəxsən mən hökumətin belə vəziyyətlər üçün “B”, “C” planlarının olduğunu düşünmürəm”.
Aqil Bəkir
www.yenicag.az