Azərbaycan və Ermənistan arasında növbəti addım: GÖMRÜYÜN AÇILMASI... - ŞƏRH
Ermənistan və Azərbaycan arasında tranzit məhdudiyyətlər aradan qaldırılıb, növbəti addım isə gömrük sisteminin açılmasıdır və proses bu istiqamətdə davam edir.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullayev bildirib.
Politoloq Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasında hazırkı durumu şərh edib:
“Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması haqqında komissiya var və müvafiq işlər həyata keçirilir. Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərin aradan qaldırılması və Ermənistanın da jest olaraq eyni addımı atması təbii ki, növbəti mərhələdə kommunikasiyaların açılmasına gətirib çıxaracaq. Düşmənçiliyin təzahürləri hələ də qalmaqdadır, buna baxmayaraq liderlər ortaya siyasi iradə qoyub və 0-dan başlanılıb. İlk növbədə tranzit məhdudiyyətlər aradan qaldırılıb, növbəti addım isə gömrük sisteminin açılmasıdır və proses bu istiqamətdə davam edir”.
Politoloq qeyd edib ki, yaxın zamanda Türkiyə – Ermənistan sərhədləri də tam açıla bilər:
“Hesab edirəm ki, Türkiyə ilə Ermənistan sərhədi də bir müddətdən sonra açılacaq. Azərbaycanla nəqliyyat və kommunikasiyaların açılması Zəngəzur dəhlizinin açılması ilə də paralel ola bilər. Ermənistan tərəfi Türkiyədən Azərbaycan ərazisinə tranzit daşımalara icazə verib. Əgər bu tranzit varsa növbəti dəmir yolu xəttinin açılması da reallaşacaq, Rusiyadan Ermənistana gedən dəmiryol yüklərinin Azərbaycandan keçidinə də Azərbaycan icazə verib. Göründüyü kimi proses davam edir və sülh istiqamətində də mühüm addımlar atılır”.
Nurlan Cəfəri












