Azərbaycan və Sudan arasında əməkdaşlıq məsələləri müzakirə olundu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sudanın ölkəmizdə yeni təyin olunmuş səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Sonra iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən bölgədəki cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin, iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın mövqe və təşəbbüslərini dəstəkləməsi məmnunluqla xatırlanıb. Azərbaycan tərəfindən sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.
Ceyhun Bayramov öz növbəsində Ermənistanın 30 illik işğalı dönəmi, eləcə də postmünaqişə dövründə sülh prosesi və yenidənqurma tədbirləri barədə səfiri ətraflı məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.