Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr oldu

media-hightechnic-468x90

Zaqreb şəhərində Azərbaycan və Xovatiya xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Azərbaycan XİN-dən Yenicag.az-a bildirilib ki, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin inkişaf dinamikası haqqında fikir mübadiləsi aparılıb, bu il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu bildirilib.

Son illərdə yüksək səviyyəli səfər mübadilələrində müşahidə olunan canlanma təqdir edilib, siyasi dialoqun intensivliliyinin təmin edilməsi məqsədilə bu səfərlərin davam etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra iqtisadi-ticarət sahəsində, o cümlədən ənənəvi və alternativ enerji sahələrində aparılan əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, humanitar minatəmizləmə sahəsində həyata keçirilən layihələr haqda danışılıb, bu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin önəmi qeyd olunub.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, qarşıya çıxan maneələr və sülh sazişi istiqamətində son yeniliklər, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev həmçinin Xorvatiyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib və Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş konfransda çıxış edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600