İran və ABŞ-ın İsveçrə görüşü: “İsrail müharibənin dayanmasını istəmir”
“Danışıqlar çox pozitiv keçdi. Bəzi məsələlərdə ortaq məxrəcə gəlinmədi.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Politoloq İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə baş tutan İran – ABŞ görüşü haqqında müsbət fikirlər səsləndirib:
“Dünən İsveçrədə Pakistan və Qətərin dəstəyi ilə ABŞ – İran rəsmilərinin görüşü baş tutdu. Yayılan məlumatlara görə görüş çox pozitiv keçib. Danışıqlarda əsasən müharibənin dayandırılması, bunun yolları haqqında müzakirə aparılması və İran iqtisadiyyatının dirçəlməsi üçün sanksiyaların yumşaldılması haqqında fikir mübadiləsi aparılması haqqında məlumatlar dolaşmaqdadır. Trampın yenidən İranı təhdid etməsinə, İran nümayəndə heyəti tərəfindən sərt cavab verilərək bildirilib ki, onlar heç nədən çəkinmirlər, qorxmurlar. Görüş göründüyü kimi gərgin keçib amma bu o demək deyil ki, görüş mənfi sonluqla bitib. Görüşün alınması üçün həm ABŞ, həm İran birgə səy göstərir amma bu görüşün alınmaması üçün çalışan qüvvə də var. İsrail çalışır ki, Livan məsələsi müzakirə olunmasın. İsrailin müxtəlif qurum nazirləri də şəxsən Trampa etiraz edərək Livandan çıxmaq istəmədiklərini dilə gətiriblər. Onlar Livanda tutduqları əraziləri tərk etməyəcəklərini bildirirlər. Bu mövzuda ABŞ və İsrail arasında müəyyən narazılıqlar yaranıb və bu narazılığı Tramp şəxsən Netanyahu ilə həll etməlidir.”
E. Həsənov İran nümayəndə heyətinin görüşü yarımçıq tərk etməsi iddiası haqqında isə bunları deyib:
“Bu barədə ciddi məlumat oxumamışam. Hesab edirəm ki, Şahbaz Şərif əsas problemi həll edərək bu görüşü təşkil etdi və normal pozitiv keçməsi haqqında da Qatar və Pakistanla birlikdə bəyanat yaydı. Hesab edirəm ki, danışıqlar çox çətin şəraitdə davam edəcək. Ola bilər ki, Livan məsələsində razılaşma olmasın. İsrail qətiyyətlə bu danışıqların baş tutmasını istəmir və Amerikanın razılaşmasını dəstəkləmirlər.”
Nurlan Cəfəri













