Azərbaycana 5 milyon turist gələcək
2020-ci ilə qədər Azərbaycana gələn turistlərin sayı 5 milyondan az olmamalıdır.
Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, bununla Azərbaycanın turizm sənayesi normal fəaliyyətini təmin edəcək.
Nazir bildirib ki, hazırda Avropa İttifaqı tərəfindən təşkil olunan Tvininq proqramı çərçivəsində böyük işlər aparılır.
Ə.Qarayevin sözlərinə görə, Azərbaycan turizminin 2024-cü ilə qədər İnkişaf Konsepsiyası hazırlanır.
“Turizmi idarəetmənin təkmilləşməsinə dair ciddi təkliflər var. Bizim niyyətimiz yaxın 3-5 ildə Azərbaycana gələn turistlərin sayını heç olmasa 30-40% artıma nail olmaqdır”, – deyə, nazir bildirib.
O, qeyd edib ki, turistlərin sayını artırmaq üçün kompleks tədbirlər görülür.
“Bu tədbirlərə təbliğat, sərgilərdə iştirak, reklam xarakterli çap məhsullarının hazırlanması, CNN və “Euronews” telekanalları ilə əməkdaşlıq daxildir. Bu kanallarda mütəmadi olaraq Azərbaycanın reklamı, təbliğatı aparılır və bu da turistlərin axınına öz müsbət təsirini göstərməkdədir.
Azərbaycan həm də böyük tədbirlərin məkanına çevrilib. Burada böyük infrastruktur layihələri həyata keçirilir. Bunlar hamısı Azərbaycana gələnlərin sayına təsir edir” – deyə, nazir əlavə edib.