Azərbaycanda dollara tələbat kəskin artıb. Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar-may aylarında satılan dolların həcmi ötən illə müqayisədə iki dəfə çoxdur.
Cari ilin yanvar-may aylarında 37 valyuta hərracında ümumilikdə banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Ötən ilin eyni dövründə isə bu göstərici cəmi 1 milyard 492,4 milyon ABŞ dolları olub. Dollara tələbatın kəskin artması onun Azərbaycan manatına olan təsiri ilə bağlı da narahatlıq doğurur. Bəs dollara tələbatın kəskin sürətdə artması Azərbaycan manatına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki dollara təlabatın artması iqtisadi aktivliyin artması ilə əlaqədardır.
“Azərbaycanda dollara tələbatın artmasının səbəbi iqtisadi aktivliyin artması ilə bağlıdır. Çünki şirkətlər xaricdən alış- verişi dollarla edir. Bu da dollara tələbatın artmasına gətirib çıxarır”, – deyə o bildirib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda ABŞ dollarına tələbatın bu həcmdə artması Azərbaycan manatına heç cür təsir göstərə bilməz:
“Düşünürəm ki, ölkəmizin valyuta ehtiyatları kifayət qədər çoxdur. Hətta bu rəqəm iki deyil, üç, dörd, beş milyard olsa belə, yenə də kifayət edəcəkdi. Bu baxımdan dolların manata heç bir mənfi təsiri olmayacaq”.
İsmayıl Bakuvi
www.yenicag.az