Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 727,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min nəfər, qeyri-dövlət sektorunda isə 829,9 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 696,2 min nəfər çalışıb.
Cari ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7029 nəfər təşkil edib.
Onlardan 53,1 faizi tikintidə, 10,1 faizi mədənçıxarma sənayesində, 6,5 faizi emal sənayesində, 5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,7 faizi təhsil və 17,7 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
Bu ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147,6 saat təşkil edib.
www.yenicag.az