"O almalar o keçəlin başına çırpılmalı idi: Rüşvət ala bilməyəndə quduzlaşırlar" – Hafiz Hacıyevdən REAKSİYA
“Həmin görüntüdəki şəxs icra hakimiyyətinin imkanlarından istifadə edərək rüşvət yığmaqla məşğuldur. Çəkiliş aparıldığını gördüyü üçün məqsədinə çata bilməyib, pul ala bilmədikləri üçün də quduzlaşırlar”.
Bu ittihamları Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri Sumqayıt Şəhər İcra Hakimiyyəti rəsmisinin küçə ticarəti ilə məşğul olan şəxsə qarşı zorakı rəftarını hiddətlə qarşılayıb.
Hafiz Hacıyevin sözlərinə görə, bu cür hadisələr təsadüfi deyil və dövlət başçısına qarşı yönəlmiş böyük bir təxribatın tərkib hissəsidir:
“Bu hadisə Ramiz Mehdiyevin xalqı dövlətin və ölkə rəhbərinin üzərinə qaldırmaq planının tərkib hissəsidir. Bəzi icra hakimiyyətləri qudurublar. Nəsimi rayonuna sanki 40 günlük gəlin gətirdilər, üzüqara çıxdı. İctimaiyyət arasında dövlətin nüfuzdan salınması üçün çox ciddi addımlar atılır”.
Partiya sədri məmurların xalqla dövlət arasında uçurum yaratmağa çalışdıqlarını iddia edib:
“Bəzi məmurlar sanki xüsusi tapşırıqla xalqla dövlət arasında uçurum yaratmağa çalışırlar. Çıxın küçəyə, soruşun, görün bir nəfər bu yırtıcı məmurlardan razıdırmı? Qətiyyən yox! Həmin almalar o keçəl yekəbaşın başına çırpılsaydı, növbəti dəfə belə şey təkrarlanmazdı. Bu məsələlərdə xalq və aidiyyəti qurumlar ciddi mövqe qoymalı, bu cür özbaşınalığa yol verilməməlidir”.
H.Hacıyev vurğulayıb ki, kadr təyinatlarındakı qohumbazlıq və dostbazlıq xəyanətin bir formasıdır:
“Kimsə kiminsə bacısı ilə nələr edir, səhəri gün isə qohum-əqrabası icrada, nazirlikdə vəzifə tutur. Bunların hamısı Ramiz Mehdiyevin tam işə düşmüş planıdır. Biz çox ciddi mübarizəyə hazır olmalı və prezidentimizi bu xəyanətkarlardan müdafiə eləməliyik”.
Nəsimi Ələsgərli












