Taxt-tacdan sürgünə: Qacarlar – İranın son türk sülaləsinin izi ilə…

media-hightechnic-468x90

 

İranda baş verən hadisələr fonunda Pəhləvilərin ön plana çıxma cəhdi bu ölkədə başqa bir sülaləni də gündəmə gətirdi.

Pəhləvi zülmünü unutmayan İran xalqı, xüsusilə Azərbaycan türkləri Qacarları xatırladılar. Baxmayaraq ki, qərbdə yüngül həyat tərzi sürən pəhləvilərdən fərqli olaraq, qacarlar gözdən və siyasətdən uzaq həyat sürürlər.

Yenicag.az qacarların dünəni və bu günü ilə bağlı yazını təqdim edir.

Qacarların tarixi…

media-9f003539-5a80-4941-a899-c01d76c09a68

Türk tayfası olan Qacarlar Monqol işğalları dövründə İrəvan ətrafında kök salıb və sonradan Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfasından biri olub. XVI əsrin əvvəllərində Səfəvi sülaləsi Azərbaycanda və İranda hakimiyyəti ələ aldıqdan sonra indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarının idarəsinə buraxıb. Tarixi mənbələrə görə, 1554-cü ildə Gəncə şəhəri Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edilib.

Ziyadoğulları ailəsi sonrakı dövrlərdə Qarabağ bölgəsində də hakim mövqe tutub. XVI–XVII əsrlərdə Qacarlar Səfəvi dövlətində müxtəlif rəsmi vəzifələr daşıyıb. I Şah Abbas dövründə isə Şahsevən türk tayfaları kimi tanınan Qacarlar İranın müxtəlif bölgələrinə yerləşdirilib və onların mühüm bir hissəsi Astarabad (indiki Qorqan) ərazisində məskunlaşıb.

Qacarlar XVIII əsrin sonlarında İranda hakimiyyətə gəldilər. Ağa Məhəmməd şah Qacarın dövründə dövlət mərkəzləşdirildi və Tehran paytaxt elan edildi. Bu mərhələ İranın siyasi xəritəsinin yenidən formalaşması ilə yadda qaldı.

XIX əsr: Güc, böhran və xarici təzyiqlər

Qacarların hakimiyyəti dövründə İran bir tərəfdən daxili idarəetmə problemləri, digər tərəfdən isə Rusiya və Britaniya kimi böyük güclərin təzyiqi ilə üz-üzə qaldı. İqtisadi gerilik, islahatların yarımçıq qalması və mərkəzi hakimiyyətin zəifləməsi sülalənin dayaqlarını sarsıtdı.

Konstitusiya hərəkatı və sarsılan taxt

media-81f12f88-261d-4e5f-841f-3aa7275be0ee

1905–1911-ci illərdə baş verən Konstitusiya Hərəkatı Qacar hakimiyyətini ciddi şəkildə laxlatdı. Parlamentin yaradılması və şahın səlahiyyətlərinin azalması dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı oldu. Bu proses eyni zamanda Qacarların ənənəvi hakimiyyət modelini zəiflətdi.

1925-ci il dönüşü: Qacarların süqutu

1925-ci ildə hərbi-siyasi elitanın dəstəyi ilə Əhməd Şah Qacar taxtdan endirildi və Rza xan Pəhləvi hakimiyyəti ələ aldı. Bununla da Qacarlar taxtdan endirildi və Pəhləvi sülaləsinin əsası qoyuldu. Bu hadisə İran tarixində sülalə dəyişikliklərinin ən kəskin nümunələrindən biri sayılır.

Sürgün həyatı: Qacar ailəsi hara dağıldı?

Taxtdan salındıqdan sonra Qacar ailəsinin üzvləri ölkəni tərk etməyə məcbur oldular. Onların bir qismi Fransa və İngiltərə başda olmaqla Avropa ölkələrinə, digərləri isə Yaxın Şərqə köçdü. Sürgün həyatı siyasi iddialardan çox, təhlükəsizlik və yaşayış qayğıları ilə müşayiət olundu. Əhməd şah Fransada vəfat etdi. Ailə İranı tərk etdikdən sonra Avropa və Amerikaya uzanan geniş bir coğrafiyada dağınıq şəkildə yaşamını davam etdirdi. Əhməd şahdan sonra Qacar ailəsindən heç bir şəxs İranda siyasi güc iddiası ilə çıxış etmədi.

Ailə lideri yoxdur

media-828b7cef-adba-40aa-853c-bf165329d979

1925-ci ildən sonra Qacar sülaləsinin nə rəsmi, nə də faktiki lideri qalmadı. Bununla belə, ailə daxilində simvolik olaraq “sülalə başçısı” kimi qəbul edilən bəzi adlar oldu. Bu yanaşma hakimiyyət iddiasından uzaq, daha çox nəsil və soy əsaslı təmsil anlayışı üzərində formalaşdı.

XX əsrin ikinci yarısında Əhməd şahın qardaşı Həmid Mirzə Qacar ailə daxilində ən çox tanınan fiqurlardan biri kimi önə çıxdı. İngiltərədə yaşayan və mühəndis kimi çalışan Həmid Mirzə Qacar 1988-ci ildə vəfat etdi. Ondan sonra isə sülalə daxilində təmsil məsələsi daha da qeyri-müəyyənləşdi və Qacar ailəsi hər hansı bir tək ad ətrafında birləşmədi.

Müasir dövrdə Qacar nəslinin davamçıları müxtəlif ölkələrdə yaşayır. Onlar siyasi fəaliyyət göstərmir, daha çox ailə tarixinin, arxivlərin və mədəni irsin qorunması ilə məşğul olurlar. Qacar adı bu gün daha çox tarixi və mədəni kontekstdə xatırlanır. Qacarların hazırda yaşayan ən çox tanınan nümayəndələri isə Babək Mirzə Qacardır. Şahzadə Babək Mirzə Fətəli şahın nəvəsidir. Fətəli şah Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyimlə evlənib. Babək Mirzə onun nəvələrindəndir.

media-0a7cb42a-0b81-4aed-9a82-f86f29cb40a9

Babək Mirzə deyir ki, atası Bakıda doğulub:

“Mənim atam 1922-ci il mayın 1-də Bakıda dünyaya gəlib. İran vətəndaşı olduğuna görə 1938-ci ildə bizim ailə NKVD tərəfindən məcburi şəkildə İrana göndərilib. Biz Qacar nəslindənik. Atam Pəhləvi İranında rahatlıq tapmadı. 1956-cı ildə cibində cəmi 100 ABŞ dolları ilə Qərbi Berlinə getdi. Mən də 1970-ci ildə Qərbi Berlində dünyaya gəlmişəm. Mənim xanımım da Berlində dünyaya gəlib”.

Şahzadənin həyat yoldaşı Leyla Mirzə də türkdür. İki övladları var. Oğlu Soltan Abbas 35 yaşında, qızı Fatimə Sürəyya 28 yaşındadır.

media-bd09974d-bede-487e-8354-d71d5bcda628

Tarixi miras: Son türk sülaləsi kimi Qacarlar

Qacarlar İran tarixində son türk sülaləsi kimi xüsusi yer tutur. Onların dövrü bir tərəfdən imperiya ənənələrinin zəifləməsi, digər tərəfdən isə modernləşmə cəhdləri ilə xarakterizə olunur. Bu sülalənin süqutu İranın XX əsrdə keçdiyi köklü siyasi dəyişikliklərin başlanğıc nöqtəsi hesab edilir.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa