“Ölkədə həm suvarma sahəsində, həm də içməli sudan istifadədə yol verilən itkilərin həcmi çox böyükdür”.
Bu fikirləri Azərbaycanda şirin su mənbələrinin tədricən azalmasının səbəblərinə toxunan ekoloq Rövşən Abbasov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, atmosfer yağıntılarının əhəmiyyətli dərəcədə azalması çay sularının azalmasına, o cümlədən, şirin su mənbələrinin tükənməsinə səbəb olur:
“Kür və Araz çaylarında suyun səviyyəsinə təsir edən əsas amillər iqlim xarakterlidir. Mütəxəssislərin hesablamasına əsasən, iqlim dəyişikliyi nəticəsində regionumuzda qarşıdakı 100 il ərzində atmosfer yağıntılarının kəskin azalacağı proqnozlaşdırılır.
Eyni zamanda, atmosferə atılan istixana qazlarının emissiyalarında heç bir dəyişiklik olmasa, Kür və Araz çaylarının sululuğunun 20 faizə qədər azalacağı təxmin edilir. Həmçinin son 10 ildə suvarılan sahələrin genişlənməsi ölkədə suya olan tələbatın artmasını şərtləndirib. Fermerlərin indidən su qıtlığı yaşadıqları müşahidə olunur.
Azərbaycanda həm suvarma sahəsində, həm də içməli sudan istifadədə yol verilən itkilərin həcmi çox böyükdür. Problemin qarşısını nisbətən almaq üçün suya olan tələbatın məqsədyönlü şəkildə azaldılmasına yönəlik tədbirlərin həyata keçirilməsi zəruridir. Bununla yanaşı, su itkilərini azaltmaq üçün müasir suvarma metodlarının da geniş surətdə tətbiq edilməsi vacibdir”.
Nuray Məmmədzadə
www.yenicag.az