Rusiyanın "nüvə hədəsi" hara kimi gedəcək? - ŞƏRH

media-hightechnic-468x90

“Rusiya nüvə ilə qorxutma taktikasından imtina etmək istəmir”.

Bu fikirləri Yenicag.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-screenshot_5

Politoloq Tramp – Putin arasında keçirilməli olan son görüşün baş tutmamasının mümkün səbəblərini izah edib:

“Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı ümumi və konkret yanaşmasını anlamaq üçün 2022-ci ilin fevral ayına dönməliyik. Belə ki, Rusiya Ukraynaya tammiqyaslı hücum elan edəndə Putin elə birinci rəsmi video çıxışında Qərb liderlərinə yönəlmiş gizli nüvə təhdidləri səsləndirdi. Rusiyanın bu nüvə qılıncı elə o vaxtdan bəri müharibənin əsas xüsusiyyəti olaraq qalır. Lakin biz deyə bilmərik ki, bu təhdidlər Qərb ölkələrini tam çəkindirib, yox, sadəcə buna qismən nail olunub. Ona görə qismən ki, Ukraynaya Qərbin dəstəyi tamamilə kəsilməyib. O da var ki, bəli, Putinin bu strategiyası hərbi yardım axınını yavaşlatmağa kömək edib. İki variant var, ya Rusiya nüvə ilə qorxutma taktikalarından imtina etmək istəmir, ya da edə bilmir. Rusiyadan belə fikirlər də gəlir ki, nüvə doktrinası rəsmi olaraq yenidən nəzərdən keçirilib. Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi bir yana, hətta Kreml rəsmiləri bildirirlər ki, bu yaxınlarda Kuba və Venesuelaya nüvə silahları tədarük edilə bilər. Səthi yanaşılmayacaq, tam ciddi yanaşılmalı amildir”.

Ş. Həsənova hər iki lider arasında “nüvə yarışı” getdiyini və bu “yarış”ın qalib tərəfin görüşə diktə etmə ehtimalı olduğunu vurğulayıb:

“Nüvə enerjisi ilə işləyən və nüvə silahı daşıya bilən Burevestnik raketi uğurlu sınaqdan keçirilərkən Putin onu “dünyada heç kimin əldə edə bilmədiyi unikal bir məhsul”  adlandırdı. Ardınca Poseidon dronu da oxşar uğurla sınaqdan keçirildi. Bu sınaqlar ABŞ prezidenti Donald Tramp tərəfindən son həftələrdə tətbiq edilən güclü enerji sektoruna sanksiyalara birbaşa cavabdır. Mediada belə xəbərlər də çıxır ki, Trampın Rusiyanı “kağız pələng” adlandırması Putinin sərt qəzəbinə gəlib. Görüşün bu kimi ritorika və addımlar səbəbindən baş tutmadığı da bildirilir.

ABŞ liderinin mövcud mövqeyi onun artıq Putinin nüvə ilə bağlı ciddiliyinə asanlıqla aldanmadığını və özünü qorxutmağa imkan verməyin təhlükələrini qəbul etməsini göstərir. Ukraynaya dəstək bütöv olacaqdısa, digər Qərb liderləri də bu yanaşmanı sərgilməli idi. Amma Aİ-nin özündə belə konsolidasiya olmadı. Düzü, əvvəldən də asanlıqla proqnozlaşdırıla bilən idi ki, tam birlik olmayacaq. Putin üçün Ukrayna üzərində qələbə Moskvanın əsas məqsədidir. Hər nə qədər Qərbdə bəzən düşünülsə də ki, Rusiya zəifliyini ört-basdır etmək üçün nüvə təhdidlərindən bir vasitə kimi istifadə edir, lakin nüvə müharibəsi riskinin yüngül qəbul edilməsi son dərəcə naşılıq olar”.

O qeyd edib ki, indi gözlər Macarıstanın baş naziri Viktor Orbandadır:

“O, Donald Tramp və Vladimir Putin arasında başqa bir zirvə görüşünün keçirilməsinə vasitəçilik etməyə çalışır. Orbanın müşavirləri iddia edir ki, baş nazir Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatmasına kömək edə bilər. Orban bir tərəfdən Rusiyanın ABŞ sanksiyalarından qurtulmasını hədəfləyirsə, digər yandan da dəstək axtarışındadır. Belə ki, Orbanın prioriteti apreldə keçiriləcək parlament seçkiləridir. Seçkiyə gedən yolda Orban yeni müxalifət liderinin indiyə qədər görünməmiş təzyiqi ilə üzləşdiyi üçün Trampın Macarıstana səfərini təşkil etmək istəyir. Şübhəsiz ki, bu səfər  Orbanın dövlət xadimi kimi nüfuzunu artıracaq. Bir tərəfdən Mərkəzi Asiyaya maraq gətirən Tramp da Macarıstanla yaxınlaşmaq niyyətindədir ki, tez-tez Orbanın, Macarıstanını ünvanına xoş fikirlər səsləndirir.

Tramp bütün Avropanın Rusiya ilə enerji əlaqələrini kəsməsi arzusunu açıq şəkildə bildirsə də, Rusiya neftini almağa davam etdiyinə görə Hindistan kimi digər ölkələri cəzalandırdığını qeyd etsə də, Avropa rəsmiləri Ağ Evin niyyətlərinə şübhə ilə yanaşırlar”.

Politoloq sonda iki böyük gücə sahib dövlət arasındakı münasibətə Avropa ölkələrinin təsirindən bəhs edib:

“Yüksək vəzifəli Avropa diplomatları bildirirlər ki, ABŞ-ın Kremlə qarşı sanksiyalar tətbiq etmək üçün Avropanın Rusiya neftini almağı dayandırması tələbi heç vaxt qüvvəyə minməməli idi. Ona görə ki, ən azından və qəti olaraq Macarıstan və ya Slovakiyanın Rusiya ilə enerji əlaqələrini kəsəcəyinə dair heç bir gözlənti yox idi. Macarıstanın xarici işlər naziri Peter Siyarto da bildirir ki, Macarıstanın Rusiya ilə enerji əlaqələrini kəsməsi “xəyal dünyası”dır.

İki lider görüşməlidir, ancaq bu dəfə  görüş nəticəyönümlü olmalıdır. Trampın da dediyi kimi zaman itkisi yox. Görüşə alternativ yoxdur, gec ya tez olmalıdır reallığı fonunda o zaman Orbanın niyyət etdiyi bu amil ABŞ-Rusiya görüşünə və bunun vasitəsilə Rusiya-Ukrayna sülh müqaviləsinə gətirib çıxaran yol xəritəsini müəyyən etmək üçün bir fürsət ola bilər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa