“Yaranmış şəraitdə millətin və siyasi müxalifətin, xüsusilə sosial-siyasi sahədə gözləntiləri yüksəlib”.
Bu fikirləri siyasi partiya rəhbərlərinin ötən həftə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı əsasında baş tutan onlayn görüşünün yaratdığı perspektivi dəyərləndirən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.
AzDP sədrinin sözlərinə görə, bundan sonra dialoq yeni bir səviyyəyə qaldırılmalı və konkret nəticə olmalıdır.
“Əvvəla, onu qeyd edim ki, bu görüş siyasi partiyalar arasında ikinci görüş idi. Birinci görüş ötən il oktyabrın 3-də – müharibənin davam etdiyi günlərdə baş tutub. O zaman da bu məsələlər xüsusi aktuallıq kəsb edirdi.
İkinci görüş zamanı mənim çıxışımdakı əsas təklif demokratik açılıma gedilməsi və siyasi islahatların aparılması ilə bağlı oldu. Əgər bu baş verməyəcək və nəticəyə yönəlik dialoq olmayacaqsa, heç şübhəsiz ki, belə görüşlərin də əhəmiyyəti qalmayacaq.
Biz öz təkliflərimizi irəli sürmüşük, bundan sonra dialoq yeni bir səviyyəyə qaldırılmalı və konkret nəticə olmalıdır. Yox, belə olmayacaqsa, o zaman dialoq da getdikcə öz mənasını itirəcək. Çünki dialoq ilkin potensialını artıq tükəndirib.
Ölkə yeni gerçəkliyə daxil olub, postmüharibə dövrüdür və bunun öz tələbləri var. Azərbaycan xalqı həm millətləşmə, həm dövlətləşmə, həm də milli şüur baxımından, növbəti mərhələyə keçib. Biz artıq öz tarixi kodlarımıza, o cümlədən, ordu-millət koduna dönürük.
Təbii ki, bu şəraitdə millətin və siyasi müxalifətin xüsusilə, sosial-siyasi sahədə gözləntiləri yüksəlib. Ona görə də, bu gözləntilərə cavab verəcək siyasi, iqtisadi, hüquqi, sosial və digər sahələrdə islahatlara ehtiyac var. Buna zəmin yaranacaqmı? Bu artıq bizdən yox, hakimiyyətin qeyd olunan gözləntilərə verəcəyi cavabdan asılı olacaq”.
A.Zeynalov
www.yenicag.az