Azərbaycanın əlində olan rıçaqlar, işğal altında qalan kəndlərimiz: “Biz bəyanata ilişib bu məsələləri dayandıra bilmərik” – ŞƏRH

“Şuşanın icra başçısı Bayram Səfərov necə fəaliyyət göstərirsə, “Qaçqınkom” da elə işləyir”.

Bu fikri Azərbaycanın əlində olan rıçaqlar, bundan səmərəli istifadənin yolları və beynəlxalq ictimaiyyət qarşısına çıxarmalı olduğumuz məsələləri dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, bəyanata ilişib sərhəd keçid məntəqəsinin qoyulmasını dayandıra bilmərik:

“Azərbaycan bir sıra məsələlər var ki, onları gündəmə gətirməlidir. Məsələ ondadır ki, əlimizdə dəqiq məlumat yoxdur. Azərbaycanda informasiyanı gizlədirlər, informasiya sahəsində işləyənlər zəif fəaliyyət göstərir. Biz bilmirik ki, beynəlxalq məhkəmələrə hansı şikayətlər etmişik, məsələ nə yerdədir. Beynəlxalq məhkəmələrlə bağlı fikrim belədir ki, onlar daha çox siyasi qərarlar verirlər.

Qazax rayonunun 7 kəndi ilə bağlı hansı işlər görürük, yaxud görmürük bu barədə məlumatımız yoxdur. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov deyirdi ki, Qazaxın 7 kəndi demarkasiya və delimitasiya zamanı həll olunacaq. O vaxt etiraz etdim ki, bu məsələ 100 il çəkəcək. Əlimizdə olan rıçaqlardan səmərəli istifadə etməliyik. Qazaxın 7 kəndi işğal altındadır. Bunu gündəmə gətirməliyik. Laçın yolu vasitəsi ilə silah-sursat, terrorçular Qarabağa daşınır. Lavrov gəlib Bakıda bəyanat verir ki, 10 noyabr bəyanatında sərhəd keçid məntəqəsi barədə bənd yoxdur. Lavrov kimdir axı? O bizim suveren hüququmuzu əlimizdən alacaq? Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 21-ci bəndinə görə Azərbaycan Milli Məclisi sərhədlə bağlı qərarlar verə bilər. Milli Məclis sərhəd keçid məntəqəsinin qoyulması ilə bağlı qərar verib, müvafiq orqanlara da tövsiyyə verməlidir ki, sərhəd keçid məntəqəsini qoysunlar. Biz bəyanata ilişib sərhəd keçid məntəqəsinin qoyulmasını dayandıra bilmərik.

Azərbaycanın qaçqınlar və köçkünlərlə bağlı komitəsi var. Onlar nə işlə məşğuldur, bilinmir. Onların bir fəaliyyəti yoxdur. Şuşanın icra başçısı Bayram Səfərov necə fəaliyyət göstərirsə, “Qaçqınkom” da elə işləyir.

Müxtəlif üsullar düşünmək lazımdır. ABŞ-nin Ermənistandakı səfiri Qafana səfər edib. Görüşdə səfir onu Laçın yolunda müşayiət etdiyi üçün Qafan icra başçısına təşəkkür edib. Qafanda heç 30 min adam yaşamır.

Qazaxın icra başçısı tədbir təşkil etməlidir, səfiri də dəvət edib deməlidir ki, bu camaat öz evinə, dədədələrinin qəbrinin üstünə gedə bilmir. Amma Qarabağ problemi ilə bir Prezident, bir qədər də Xarici İşlər Nazirliyi məşğul olur. Yerdə qalanların nə iş gördüyü bəlli deyil. Ekspertləri, politoloqları efirlərə dəvət edirlər, onlar da populist bəyanatlar verirlər, bunun da heç bir nəticəsi olmur. Vəziyyət ürəkaçan deyil”.

Səxavət Məmməd