“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu reallıq paytaxtımızda keçirilən Bakı Enerji Həftəsində bir daha səsləndirilib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi də bu reallığı təsdiqləyir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir.
“Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən bu toplantıda aparılan müzakirələr gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, burada əsas məqam Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək imkanlarının geniş olmasından ibarətdir:
“Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək, görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev tədbirin açılış mərasimində çıxışı zamanı bu il ölkəmizin 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP kəmərinin Azərbaycan qazını Xəzər dənizindəki yataqlardan Avropaya nəql etməsi və onun Cənub Qaz Dəhlizinin bir hissəsi olmasını xüsusi vurğulayıb. Bundan başqa, dövlətimizin başçısı ümumilikdə ixracı nəzərdə tutulan 24 milyard kubmetr qazın təxminən 12 milyard kubmetrinin Avropanın payına düşdüyünü diqqətə çatdırıb. Cənab Prezident bəyan edib ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var: “2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpa olunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir”.
Sevinc Fətəliyeva qeyd edib ki, proseslər Avropanın Azərbaycan qazına və yaşıl enerjisinə daha çox ehtiyacının olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Əlamətdar haldır ki, builki Bakı Enerji Həftəsi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cü ildönümünə təsadüf edir.
“Hazırda Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin tədbirdə dediyi kimi, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik. Bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. Bakı Enerji Həftəsi ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin məktubunda da qeyd olunan məqamlar Azərbaycanın dünya miqyasında nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir”,- deyə deputat fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az