Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

Azərbaycanın 4 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa Çempionatında medal qazanıb.

Yenicag.az-ın məlumatına görə, bunlardan ikisi qızıl, biri gümüş, biri isə bürünc medaldır.

Mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (57 kq) debütdə moldovalı Gennadi Diuvenjiyə heç bir şans tanımayıb – 12:2. Ancaq yarımfinalda türkiyəli Tolqa Özbekə minimal fərqlə uduzub – 4:5. Novruzov bürünc medal uğrunda görüşdə Edik Harutyunyana (Ermənistan) da uduzaraq 5-ci yerlə kifayətlənib.

Rəşid Babazadə (65 kq) startda moldovalı Veniamin Borzin üzərində inamlı qələbə qazanıb – 11:2. Gürcüstanlı Qoqa Otinaşviliylə qarşılaşma isə gərgin mübarizə şəraitində keçib. Rəqibinə 7:6 hesabıyla qalib gələn Babazadə adını yarımfinala yazdırıb. Rəşid türkiyəli Hamza Zopalını (11:8) da yolundan kənarlaşdıraraq finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə Fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gəlsə də, yarımfinal görüşündə aldığı zədə ona güləşməyə imkan verməyib. Belədə Babazadə U-23 Avropa çempionatını gümüş medalla başa vurub.

Maqomed-Başir Xaniyev (70 kq) 1/8 finalda ukraynalı Narek Poqosyandan güclü olub – 8:3. Təmsilçimiz 1/4 finalda avstriyalı Benedikt Huberə (11:1) tam üstünlüklə qalib gəlib. Xaniyev gürcüstanlı Davit Patsinaşvilini də (7:4) üstələyərək finala vəsiqə qazanıb. Maqomed-Başir finalda ermənistanlı Hayk Papikyanla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Xaniyev Avropa çempionu olub.

Yarışa 1/4 finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırıb – 10:0. Əmiraslanov yarımfinalda böyüklər arasında son Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) uduzub – 2:5. Səbuhi bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla güləşib və 4:1 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlib – 5:0. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoyub – 6:0. İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabıyla qalib gələn İlyasov titulunu qoruyaraq, ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.