Azerconnect şirkəti növbəti dəfə nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət seçilib.
Şirkət 2024-cü ildə yenidən bu sertifikata layiq görülməklə fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, eləcə də öz əməkdaşları üçün layiqli iş şəraiti təmin etməyə sadiqliyini nümayiş etdirib.
Azerconnect şirkəti “Top Employer Institute” tərəfindən iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirilib və mükafata layiq görülüb.
“Ardıcıl ikinci ildir ki, bu nüfuzlu mükafata layiq görülməkdən qürur duyuruq. Ən qabaqcıl insan kapitalı təcrübələrini fəaliyyətimizə inteqrasiya etməklə biz şirkətimizdə mükəmməlliyi təşviq etməyə davam edirik”, – deyə Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov bildirib.
“İşçilərin rifahına, peşəkar inkişafına, inklüzivliyinə önəm verən iş yeri mədəniyyətinin yaradılmasına istiqamətlənən töhfələrimizin nəticəsi olaraq şirkətimizin “Top Employer Institute” tərəfindən yenidən Azərbaycanın ən yaxşı işəgötürəni olaraq seçilməsinin şahidi olduğum üçün çox sevinirəm. Azerconnect şirkətinin ruhlandırıcı iş yeri kimi inkişaf etdirilməsi, hər bir əməkdaşın karyera inkişafı və rifahının yüksəldilməsinə həsr olunmuş ən yaxşı layihələrin və fəaliyyətlərin beynəlxalq dəyərlərə uyğun qiymətləndirilməsi qürurverici haldır”, – deyə Azerconnect şirkətinin İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.
“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. Ən yaxşı işəgötürənlər hər zaman sübut edib ki, onlar işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olmasına sadiqdirlər. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz builki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, – deyə “Top Employer Institute”nin Baş direktoru David Plink qeyd edib.
“Top Employer Institute” 2024-cü il üzrə 122 ölkədə/regionda 2300 təşkilatı sertifikatlaşdırıb. Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
Azerconnect şirkəti NEQSOL Holding-in tərkibinə daxildir. NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12 000-dən çox işçi heyətinə malikdir.
www.yenicag.az