“AzəriQaz” problemli qaz xəttindən “Siyəzən Broyler”ə qaz verdi, QƏSƏBƏYƏ YOX? – İDDİA/ŞİKAYƏT - YENİLƏNDİ
Sözügedən məsələ haqqında “AzəriQaz”la əlaqə saxladıq.
SOCAR “AzəriQaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlamasında mövcud vəziyyətlə bağlı ətraflı məlumat veriləcəyini bildirib.
***
Aprelin 16-da Siyəzən rayonunda yağan intensiv yağışlar nəticəsində baş verən sel fəlakəti infrastrukturda ciddi zərər yaradıb.
Yenicag.az-a daxil olan şikayətə əsasən, xüsusilə Gənclik qəsəbəsinin qazla təminatında əsas rol oynayan və Ataçay çayı üzərindən keçən qaz xətti zədələnib.
Şikayətçilər bildirir ki, bu qaz xətti yalnız Gənclik qəsəbəsini deyil, həm də “Siyəzən Broyler” müəssisəsini qazla təmin edir. Məsələ ilə bağlı “AzəriQaz”ın Siyəzən rayon idarəsi ilə əlaqə saxladıq. İdarə tərəfindən ərazidə təmir-bərpa işlərinin getdiyi bildirilsə də, hadisə yerində olan əməkdaşımız ərazidə nə işçi heyəti, nə də hər hansı texnika görməyib. Bu isə rəsmi açıqlamalarla real vəziyyətin üst-üstə düşmədiyini göstərir.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, sel suları artıq çəkilib və hava şəraiti bərpa işləri üçün əlverişlidir.
Şikayətçilər iddia edirlər ki, “Siyəzən Broyler”ə qaz verilişi bərpa edilsə də, Gənclik qəsəbəsinin qazla təminatının hələ də bərpa olunmayıb:
“Bu, bir tərəfdən bölgələr arasında fərq qoyulduğu təəssüratı yaradır, digər tərəfdən isə “AzəriQaz”ın iş prinsiplərində sistemsizlik və məsuliyyətsizlik problemini ön plana çıxarır. Görünən odur ki, müəssisəyə qaz verilməsi prioritet sayıldığı halda, yüzlərlə ailənin yaşadığı qəsəbənin ehtiyacları arxa plana atılır”.
Sakinlər həmçinin qeyd edirlər ki, çayın üzərindən keçən ana xəttin təhlükəsizliyi təmin olunmayıb və bu, gələcəkdə baş verə biləcək analoji hadisələrə qurumun hazırlıqsız olduğunu göstərir. Onlar bu vəziyyəti texniki səhlənkarlıqdan daha çox vətəndaşların həyat və təhlükəsizlik hüquqlarına hörmətsizlik kimi qiymətləndirirlər.
Qeyd edək ki, hazırda Gənclik qəsəbəsində qaz verilişinin tamamilə dayanmasından artıq bir həftə ötüb. Sakinlər onu da söyləyiblər ki, soyuq havalarda, xüsusilə uşaqların və yaşlı insanların səhhətində problemlər yaranıb:
“Şikayətlər, müraciətlər və sosial mediada yayılan videolar bu problemin nə qədər geniş və ciddi olduğunu göstərsə də, “AzəriQaz”ın susqunluğu və gecikən reaksiyası bizə qarşı etinasız münasibətin bariz nümunəsidir. Biz qazın dərhal bərpa olunmasını tələb edir və məsul şəxslərdən şəffaf, konkret cavablar gözləyirik”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.