Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda iki günlük sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.
ASC-dən Yenicag.az-a verilən məlumata görə, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 çağrı mərkəzi ilə əlaqə saxlasınlar.
Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Bunun üçün “Azərişıq” ASC-nin rəsmi saytında (azerishiq.az) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərlər.