“Azərsu” yeni laboratoriya yaradır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi və su itkilərinin qarşısının alınması məqsədilə 2012-ci ildən smart-kart sayğacların kütləvi şəkildə quraşdırılmasına başlanılıb. Sayğaclaşma işlərinin tətbiqi dairəsinin genişləndirilməsi ilə yanaşı, onlara mütəmadi texniki xidmət göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə “Azərsu” ASC tərəfindən Su sayğaclarının sınağı laboratoriyasının yaradılmasına qərar verilib.
ASC-dən verilən məlumata görə, hazırda su sayğaclarının sınağı laboratoriyasında son tamamlama işləri həyata keçirilir.
Laboratoriya binası su sayğaclarının sınağı, təmiri sahələrindən, anbar, inzibati və yardımçı hissələrdən ibarətdir. Laboratoriyada Türkiyə və Avropa ölkələrinin istehsalı olan müasir cihaz və avadanlıqlar quraşdırılıb, işçilərin fəaliyyəti üçün zəruri əmək şəraiti yaradılıb.
“Su sayğaclarının testi və kalibrlənməsi masasında eyni vaxtda 22 ədəd su sayğacını yoxlamaq mümkün olacaqdır. Ümumilikdə ay ərzində laboratoriyada 2700 ədəd su sayğacını yoxlamadan keçirmək üçün imkanlar mövcuddur”, – deyilir məlumatda.
Qeyd edək ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təlimatına uyğun olaraq məişətdə istifadə olunan su sayğacları 5 ildə ən azı bir dəfə sənayedə istifadə olunan sayğaclarsa ildə bir dəfə yoxlamadan keçirilməlidir.
Laboratoriyanın təmir sahəsində isə sayğacların mexaniki və elektron hissələrinin yoxlanılması üçün xüsusi otaqlar yaradılmışdır. Nasaz vəziyyətdə olan sayğaclar burada təmir ediləcək, yoxlanıldıqdan sonra kalibrlənməsi üçün su sayğaclarının sınağı laboratoriyasına göndəriləcəkdir.
Hazırda Su sayğaclarının sınağı laboratoriyası akkreditasiyadan keçmə mərhələsindədir. Bu prosedura başa çatdıqdan sonra laboratoriyada sayğacların yoxlanılması və təmiri işləri həyata keçiriləcəkdir. (oxu.az)