“Lider Tv-nın bağlanması ilə qərar gözlənilmədən baş verib”.
Yenicag.az-ın məlumatına görə, bunu “Lider” Tv-nin bağlanması fonunda kanalın işçiləri ilə bağlı vəziyyəti dəyərləndirən Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib.
Müşfiq Ələsgərlinin sözlərinə görə, Lider TV əməkdaşlarının 40 faizi işsiz qalıb və onların problemlərini kimin həll edəcəyi naməlumdur:
“Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq, hər il ölkə KİV-ləri və KİV-lərdə çalışanlar barədə statistik məlumatları toplayırıq, illik müqayisələr aparırıq. 2020-ci il üzrə hazırladığımız hesabatda Lider TV əməkdaşlarının sayı təqribən 224 nəfər göstərilib.
2020-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio” İB) tərəfindən borclu “Lider TV və Radio-Azərbaycan” MMC-yə qarşı iflas elan edilməsi haqqında iddia qaldırmışdı. İyunun 16-da Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin etmişdi. Qarşı tərəf isə apellyasiya şikayəti vermişdi. Yaranmış qeyri-müəyyənlik fonunda əməkdaşlardan bir qismi şirkətdən ayrılaraq, digər KİV-lərdə işlə təmin olunublar. Bununla yanaşı, şirkət əməkdaşlarından təqribən 90 nəfəri bu günə qədər fəaliyyətini davam etdirib.
2021-ci ilin may ayında Milli Televiziya və Radio Şurası (MTRŞ) “Lider TV və Radio-Azərbaycan” MMC-nin lisenziyasına xitam verilməsi barədə qərar verib. Qərara əsasən, 31 may şirkət üçün son iş günüdür. Şirkətin fəaliyyətinin dayandırılması üçün prosedurlar qanuna uyğun olaraq həyata keçirilib. Ortada həm məhkəmənin, həm də MTRŞ-nın qərarı var. Şirkətin borclarının ödənilməsi yolları və digər məsələlər üçün mexanizmlər tərtib edilib. Qeyri-müəyyən qalan məsələ təkcə əməkdaşların taleyi ilə bağlıdır”.
M. Ələsgərli qeyd edib ki, gözlənilmədən şirkətin fəaliyyətinin dayandırılmasına qərar verilməsi hər kəsi, o cümlədən kanalın əməkdaşlarını çaşqın duruma salıb:
“Əlaqə saxladığımız əməkdaşlar bildiriblər ki, bununla bağlı onlara heç bir məlumat verilməyib. Əksinə bildirilibmiş ki, ortada olan mübahisələr şirkət rəhbərliyinin dəyişdirilməsi ilə nəticələnəcək və bundan sonra işlər qaydasına düşəcək, onlar da öz fəaliyyətlərini davam etdirəcəklər. Gözlənilmədən şirkətin fəaliyyətinin dayandırılmasına qərar verilməsi hər kəsi çaşqın duruma salıb.
KİV-lərdə əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlər bəllidir. JuHİ olaraq bu sahədə mövcud olan problemləri hər il hesabat formasında ictimailəşdiririk. Əksəriyyət xidmət müqaviləsi və yaxud, müvəqqəti əmək müqavilələri ilə çalışdırılırlar. Bu halda əməkdaşların əmək hüquqlarının tanınması mübahisəli qalır. Lider TV əməkdaşları üçün də belə bir durum yaranıb.
Əlaqədar qurumlar bu problemi qeydə alıb, həll etməlidirlər”.
Gülşən Şərif
www.yenicag.az