“Azərbaycanda sərhədlərin hələ də bağlı saxlanılmasının səbəbləri ictimaiyyətə bəlli deyil”.
Bu fikirləri pandemiyanın ağır mərhələsinin bitməsinə baxmayaraq Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olmasının doğurduğu mənfi nəticələr haqda danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, sərhədlərin bağlı olması ağır pandemiya dövrünün ortadan qaldırılmayan arzuedilməz “miras”ıdır:
“Sərhədlərin qapadılması vaxtilə şəraitə uyğun qərar olaraq bir çox ölkələr tərəfindən qəbul edilib. Təhlükəsizliyin təmin olunması, pandemiyanın aradan qaldırılması üçün sərhədlərin qapadılması müsbət addım olsa, da xaricə gediş-gəlişin məhdudlaşdırılması bəzi neqativ təzahürlərə yol açır.
Pandemiya bitdikdən sonra bir çox dövlətlər öz sərhədlərini açdılar. Çünki ölkənin qapalı olması iqtisadiyyatda geriləməyə səbəb olur. Azərbaycanda isə sərhədlərin hələ də bağlı saxlanılmasının səbəbləri ictimaiyyətə bəlli deyil. O baxımdan, sərhədlərin bağlı qalmasına izahat vermək çətindir.
Lakin bu vəziyyət istər turistlərin ölkəyə gəlişini, istərsə də vətəndaşların müxtəlif məqsədlərlə xarici ölkələrə gedişini əngəlləyir. Qeyd edək ki, bu vəziyyət xaricdə təhsil alan tələbələrə daha çox təsir göstərir. Hər halda, məsələnin həlli istiqamətində addımların atılması zəruridir. Sərhədlərin açılmasının sosial cəhətdən həssas təbəqəyə, iqtisadiyyata, turizmin inkişafına böyük faydası olacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az