"Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birləşməsi səmərəliliyi artıracaq" - Fərid Şahbazlı
“Yeni model dövlətin media siyasətinin vahid strateji çərçivədə formalaşdırılmasına töhfə verə bilər.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı bildirib.
Tanınmış media qurumuna rəhbərlik edən F.Şahbazlı iki qurumun birləşdirilməsinin gələcəkdə media orqanlarının fəaliyyətinin mərkəzləşdirilmiş formada daha keyfiyyətli koordinasiya olunmasına şərait yaradacağını bildirib:
“Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın vahid qurumda birləşdirilməsi media idarəçiliyinin yeni mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Rəqəmsallaşma dövründə televiziya, radio, çap və internet mediası artıq vahid informasiya ekosisteminin tərkib hissəsidir.
Bu baxımdan, Media və Yayım Şurasının yaradılması tənzimləmə və inkişaf siyasətinin daha çevik, əlaqəli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yarada bilər. Eyni zamanda, dezinformasiya ilə mübarizə, media savadlılığının artırılması, süni intellektin mediaya təsiri və milli informasiya təhlükəsizliyi kimi çağırışların vahid yanaşma əsasında idarə olunması müasir dövrün əsas tələblərindən biridir.
Yeni model dövlətin media siyasətinin vahid strateji çərçivədə formalaşdırılmasına töhfə verə bilər. Bu yanaşma resurslardan daha səmərəli istifadə olunmasına və qərarların operativ qəbuluna şərait yarada bilər. Eyni zamanda, media subyektləri ilə tənzimləyici qurum arasında institusional əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açılır. Qlobal informasiya məkanında rəqabətin artdığı bir dövrdə milli medianın dayanıqlı inkişafının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Yeni qurumun fəaliyyətində şəffaflıq, peşəkarlıq və media azadlığı prinsiplərinin qorunması isə əsas prioritetlərdən biri olmalıdır”.
Nurlan Cəfəri













