“Sürətli inflyasiya şəraitində əlimizdəki “qara gün” ehtiyatlarını qorumaq çox çətindir”.
Bu fikirləri bahalaşma dalğasının ard-arda gəldiyi şəraitdə pula qənaət etməyin mümkünsüzlüyü haqda danışan iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, davamlı bahalaşma prosesində vətəndaşların artan xərcləri gəlirlərini xeyli üstələyir:
“Pula qənaət etmək üçün ailənin gəliri orta yaşayış səviyyəsinin üzərində olmalıdır. Son dövrlərdə qiymətlərin sürətli artımı vətəndaşları çətin vəziyyətə salır.
Yəni müntəzəm aldığımız əksər məhsulları az qala, hər həftə daha baha qiymətlə almalı oluruq.
Nəqliyyat və ərzaq xərcləri demək olar aylıq gəlirimizin yarısından çoxunu təşkil edir. Qənaət edə bilmək üçün ilk növbədə vətəndaşların gəliri artmalıdır.
Bununla yanaşı, yersiz xərclərdən və israfdan uzaq durmalıyıq. Amma bütün hallarda sürətli inflyasiya şəraitində əlimizdəki “qara gün” ehtiyatlarını qorumaq çox çətindir”.
Nuray Məmmədzadə