“Bakcell” gəncəliləri lağa qoydu-Fotofakt

Görünən odur ki, “Bakcell” şirkəti ictimaiyyətin ciddi təpkisinə səbəb olan bu vəziyyətdən nəticə çıxarmaq fikrində deyil. Əksinə, şirkət bir qədər də irəli gedərək, Azərbaycanın müxtəlif bölgələrinin sakinləri ilə yumşaq desək, uğursuz zarafatlar edilməsinə meydan verib.
Sosial şəbəkələrdə yayılan aşağıdakı fotoda “Bakcell” şirkətinin abunəçilərinə olduqca ilginc və ciddi narazılıq doğuracaq reklam mesajı göndərilib. Mesajda yazılır: “2 gəncəli Bakıda dayanacaqda avtobus gözləyir. Avtobusa minirlər. Biri deyir: gəl dana! “Şofer” deyir: “Bura dana mindirmək qadağandır”. TOYOTA? OK yaz 2992-ə göndər!”
Mesajdan göründüyü kimi, bu mesajda Azərbaycanın bir bölgəsinin danışıq tərzi lağlağı obyektinə çevrilərək, gəncəlilərlə uğursuz zarafat edilməyə cəhd olunub. Bunun “Bakcell” və ya adı mesajda keçən “Toyota” şirkəti tərəfindən edildiyindən asılı olmayaraq, zərərçəkən tərəf mobil operatorun abunəçiləridir. “Bakcell” öz abunəçilərinin şəxsi məlumatlarını şirkətlərə verdiyi kimi, onlar tərəfindən göndərilən mesajların mətninə və həssaslığına da xüsusi diqqət göstərməli və məsuliyyət daşımalıdır.
Unutmaq olmaz ki, Azərbaycanın bütün bölgələri bizim üçün doğmadır və onların adət-ənənələri, dəyərləri, həyat və danışıq tərzləri bizim milli sərvətimizdir. (editor.az)
