Cari ilin iyunun 3-4 arasında Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək.
Bu barədə Yenicag.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova qurultaydan gözləntilər, burada müzakirə olunacaq başlıca məsələlər barədə məlumat verdi.
O bildirdi ki, artıq IV Qurultaya hazırlıq işləri yekunlaşıb: “Tədbirdə iştirak edəcək qonaqlar və nümayəndələrin siyahısı dəqiqləşdirilib. DünyaAzərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də vardır. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak edəcək”.
Mətbuat xidməti rəhbərinin bildirdiyinə görə IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq: “Rəsmi açılışdan sonra Qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkiliflərini səsləndirəcəklər. Qurultayda priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq.
Tədbir çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır. Görüşdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək. Qurultay öz işini iyunun 4-də yekunlaşdıracaq”.
Elçin/Yenicag.az
www.yenicag.az