İcra nümayəndələrinin rüşvət tələbi, yoxsa başçının qəzəbi? - Məhkəmə qərarı olmadan sahibkarın obyekti sökülür - ŞİKAYƏT/FOTO
Ağdam rayon sakini, sahibkar Elməddin Şükürov rayon icra başçısı Vaqif Həsənovdan şikayətçidir.
Yenicag.az-a müraciət edən sahibkar bildirib ki, rayon icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin İlkin adlı məsul şəxsi və qurumun Quzanlı üzrə nümayəndəsi Eldəniz Cəlal oğlu Abdullayev ona yaxınlaşaraq, prospektdə abadlıq işləri aparıldığını və obyektin xarici görkəminin dəyişdirilməsinə ehtiyac olduğunu çatdırıblar. Sahibkar abadlıq işlərinə dəstək olmaq məqsədilə təxminən 4000 manat xərc çəkərək, iaşə obyektinin önündə kosmetik təmir işləri aparıb.
Cəmi iki gün sonra həmin nümayəndələr obyektə yenidən gələrək, başçının bu kosmetik dəyişiklikdən hiddətləndiyini və tikilinin təcili sökülməli olduğunu bildiriblər. Əgər bu iddialar həqiqəti əks etdirirsə, icra məmurlarının başçıdan xəbərsiz sahibkara belə bir tapşırıq verməsi ciddi suallar doğurur. Lakin bu, məsələnin yalnız görünən tərəfidir.
Sahibkarın iddiasına görə, icra nümayəndələri gördüyü işlərə toxunulmaması müqabilində ondan öncə 5000, daha sonra isə 3000 manat məbləğində “şirinlik” tələb ediblər. Hələlik bu tələbin birbaşa icra başçısı tərəfindən irəli sürülməsi, yoxsa məmurların özbaşınalığı olması barədə dəqiq məlumatımız yoxdur.
Sahibkar sözügedən pulu verməkdən imtina etdiyi üçün bir neçə gün öncə öz hesabına apardığı təmir işlərini sökərək təmizləyib. Lakin icra nümayəndələri bununla kifayətlənməyərək, obyektin tamamilə sökülməsini tələb ediblər. Şikayətçi iddia edir ki, məsələ rayondakı abadlıq işləri fonunda onun obyektinə qarşı qərəzli bir təzyiq kampaniyasına çevrilib.
Sahibkarın bildirdiyinə görə, aidiyyəti qurumlar iaşə obyektinə baxış keçirərək, heç bir qanun pozuntusu aşkar edilmədiyi barədə rəy versələr də, icra başçısı tikilinin sökülməsində israrlı mövqe nümayiş etdirir.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, iaşə obyektlərinin sökülməsi ilə bağlı qərar vermək Rayon İcra Hakimiyyətinin deyil, müstəsna olaraq məhkəmə orqanlarının səlahiyyətindədir. Məhkəmənin rəsmi qərarı olmadan icra hakimiyyəti orqanlarının vətəndaşın mülkiyyətinə və ya istifadəsində olan obyektə hər hansı formada müdaxilə etməsi qanunsuzluqdur.
Buna baxmayaraq, Quzanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi qanunvericiliyin tələblərini aşaraq, sahibkardan obyekti sökməyi tələb edən rəsmi məktub göndərib. Sənəddə deyilir:

“Quzanlı qəsəbə İnzibati Ərazi üzrə nümayəndəliyi bildirir ki, hazırda istifadənizdə olan dövlət torpağında ət kəsimi yeri kimi fəaliyyət göstərən köşkün götürülməsini və dəmir konstruksiyalı üst damın 3 gün ərzində sökülməsini təmin edəsiniz. Əks halda məsələ ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət olunacaq. Nəzərə almağınız xahiş olunur.”
Məsələnin ən düşündürücü tərəfi isə odur ki, sahibkara verilən 3 günlük möhlət gözlənilməyib. Rəsmi xəbərdarlıq sənədi təqdim olunduqdan cəmi bir neçə saat sonra, polisə heç bir məlumat verilmədən obyektin söküntüsünə başlanılıb. Hazırda icra hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçirilən bu proses sahibkarın hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Şikayətçi baş verən qanunsuzluqla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini və məsələnin dövlət nəzarətinə götürülməsini xahiş edir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Nurlan Cəfəri













