Bakı Pekinlə əlaqələrini MÖHKƏMLƏNDİRİR: “Azərbaycan vahid Çin prinsipini dəstəkləyir”
“Ümumiyyətlə, Azərbaycan-Çin əlaqələri bu günün və yaxud da dünənin əlaqələri deyil. Bu, dərin tarixə malik əlaqələrdir. Nəzərə alaq ki, hələ 2500 il əvvəl İpək Yolu vasitəsilə xalqlarımız arasında mədəni və ticari əlaqələr formalaşıb və ondan sonrakı dövrdə də bu əlaqələr heç vaxt kənara atılmayıb, mütəmadi olaraq müxtəlif sahələrdə inkişaf edib möhkəmlənib”.
Bunu Yenicag.az-la söhbətində politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi son günlər Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişaf meyarlarından, habelə dövlətlərimiz arasında olan mühüm münasibətlərin inkişafından söz açıb.
R. Bayramov diqqətə çatdırıb ki, müstəqillik əldə etdikdən sonra bu münasibətlər bir az da dərinləşdi:
“Bu dərinləşmənin ən vacib səbəbi, belə demək mümkündürsə, qarşılıqlı faydalılıq və etimad prinsiplərinə əsaslanmasıdır. Çin Azərbaycanın müstəqilliyini demək olar ki, ilk tanıyan ölkələrdən biridir. 1991-ci ilin dekabr ayında artıq Azərbaycanın müstəqilliyini tanıyıb. Çinlə diplomatik əlaqələr isə 1992-ci ilin aprelində başlamışdır. Bu gün artıq Azərbaycan ilə Çin bütün sahələrdə sıx əlaqələrə malikdirlər. Bunun vacib səbəblərindən biri Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsidir. Azərbaycan da öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini müdafiə edir və vahid Çin prinsipinə dəstəyini ortaya qoyur. Ticari münasibətlər də kifayət qədər yaxşı inkişaf edib. İki ölkə arasında ticarət artıb və Çin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ən çox investisiya yatıran ölkələrdən biridir”.
Onun sözlərinə görə. indi isə növbəti mərhələ yaşıl enerji sahəsində strateji tərəfdaşlıqla bağlıdır:
“Çin şirkətləri bu sahədə qabaqcıl şirkətlərdir və ümumiyyətlə, bu istiqamətdə qabaqcıl texnologiyalara malikdirlər. Beləliklə, qarşıda Çin şirkətlərinin yaşıl enerji sahəsində Azərbaycana birbaşa yatırımlarının qoyulması məsələsi var. Bu barədə ölkə başçısı da yanvar ayında Çinin dövlət telekanalına verdiyi müsahibəsində qeyd etmişdi. Həmçinin, ötən həftə baş tutan “Yeni dünya nizamına doğru” beynəlxalq forumda çıxışında da dövlət başçısı bu istiqamətdə aktiv danışıqların aparıldığını bildirdi”.
Müsahibimiz vurğulayıb ki, bu yaxınlarda Prezidentin Çinə səfəri planlaşdırılır və bu səfər çərçivəsində iki ölkə arasında yeni layihələr barədə razılaşmaların əldə ediləcəyi şübhəsizdir:
“Yeri gəlmişkən, onu da qeyd edim ki, Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Ciançao da bir neçə gün əvvəl Azərbaycan və Çin arasındakı münasibətlərlə bağlı açıqlama verib. O, Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində daha konkret layihələrlə bağlı qərarların qəbul ediləcəyini və Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi üçün böyük potensialın olduğunu bildirib. Nəticə etibarilə, indiki mərhələdə həm Çinin Azərbaycanda, xüsusilə Azərbaycandan keçən dəhlizlərdə maraqlı olması, həm də Azərbaycanın dünya iqtisadiyyatının aparıcı güclərindən biri olan Çinlə əlaqələri inkişaf etdirməsi iki ölkənin qarşılıqlı maraqlarına əsas verir. Bu da növbəti layihələrdə daha sıx əməkdaşlıq perspektivini ortaya qoyur”.
Rafi Müslümov